10:21
(077) 610-22-33

IV İslam Həmrəyliyi Oyunlarının su festivalı Şəmkirdə - Foto

  • >
377 21 Aprel 22:12 | İdman

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti aprelin 21-də qərb bölgəsinin gözəl diyarı olan Şəmkirdə davam edib.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, axşam saatlarında Şəmkir Gənclər Mərkəzinin qarşısında su festivalı keçirilib. Tədbirin aparıcısı bu il mayın 12-dən 22-dək Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verib. Festivalda, həmçinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, Prezident İlham Əliyevin su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan su səhəngini şəmkirli uşağa təhvil verməsi görüntüləri təqdim edilib. Xəzər dənizindən götürülmüş suyun Şəmkir rayonunadək keçdiyi səyahət yoluna, o cümlədən Şəmkir mərhələsinə nəzər salınıb.

Sonra su qabını daşıyan şəmkirli idmançılar və Şəmkir şəhər M.Füzuli adına məktəb-liseyin şagirdi Murad Namazov səhnəyə dəvət olunub.

Festival əsl bayrama çevrilib. “Mirvari” rəqs qrupunun, müğənnilər Vüqar Vəliyevin və Xəyal Qasımovun çıxışları rayon sakinlərində yüksək əhval-ruhiyyə yaradıb. Festival möhtəşəm su effekti və atəşfəşanlıqla başa çatıb. Xəzərdən başlayan su səyahətinin növbəti dayanacağı Mingəçevir şəhəri olacaq.

Xatırladaq ki, Şəmkir rayonunda su səyahətinə Şəmkir su anbarından su götürülməklə start verilib. Şəmkir şəhər M.Füzuli adına məktəb-liseyin şagirdi, şahmat və güləş həvəskarı Murad Namazov, boks üzrə Azərbaycan Respublikasının Əməkdar Məşqçisi Ramiz Yusifov və sərbəst güləş üzrə Avropa və Olimpiya turnirlərinin mükafatçısı Elçin Həsənov “Bakı-2017”nin misdən hazırlanmış səhəngini Şəmkir su anbarından su ilə doldurub şəhərdəki Gənclər Mərkəzinin qarşısında keçiriləcək su festivalına yola düşüblər. Bu su qabı mayın 12-də “Bakı-2017”nin açılış mərasimində nümayiş etdiriləcək.

Şəmkir Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib. Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, rayon gənclər və idman idarəsinin rəisi Emin İsmayılov və layihə rəhbəri Ülviyyə Ələkbərova Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən danışıb, məktəblilərə idman yarışında uğurlar arzulayıblar.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müsabiqədə beş məktəbdən 50-si qız, 50-si oğlan olmaqla 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar. Qaliblərə Əməliyyat Komitəsi tərəfindən hazırlanmış kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə biletlər təqdim olunub.

Bağla X