23:44
(077) 610-22-33

Cahangir Əsgərovun klubu bağlandı - dopinqə görə

  • >
4 143 9 Aprel 2014 11:07 | İdman

Bakının Şüvəlan qəsəbəsində yerləşən AZAL idman klubu bağlanıb. Lent.az-ın əldə etdiyi məlumata görə, iki gün öncə AZAL-ın bütün əməkdaşlarına ərizə yazmaları tapşırılıb.

Bu qərarın Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən 9 idmançımıza kəsilən cəza ilə bağlı olduğu bildirilir. Həmin ağırlıqqaldıranlar dopinq-testdən keçə bilmədiklərindən, diskvalifikasiyaya məruz qalıblar. AZAL klubu isə Azərbaycan milli komandasının bazası sayılırdı.

Klub nəzdində fəaliyyət göstərən ağırlıqqaldırma üzə komandanın baş məşqçisi Xanlar Nəbiyev Lent.az-a açıqlamasında xəbəri təsdiqləyib: "İki gün öncə bizə dedilər ki, klub bağlanılır, ona görə hamımız istefaya göndərilirik. Biz də ərizəmizi yazdıq. Gələcəkdə nə olacağını bilmirik".

AZAL idman klubunda ağırlıqqaldırma ilə yanaşı, üzgüçülük bölməsi də olub. Klubun direktoru eyni zamanda Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru vəzifəsində çalışmış İsgəndər Əsgərov olub. Lakin o, 9 ağırlıqqaldıranımızın dopinq -testdən keçə bilməmələri səbəbindən cəzaya məruz qalmalarının ardından hər iki vəzifəsindən istefa verib.

Nəbiyev bildirib ki, klub əməkdaşlarının taleyinə yeni direktor təyinatından sonra aydınlıq gələcək: "Hər yeri möhürləmişik ki, yeni direktorun gəlişinədək heç nə yoxa çıxmasın".

Qeyd edək ki, Ağır Atletika Akademiyası yaxınlığında AZAL futbol klubuna məxsus stadion da yerləşir. Həmin arenada eyniadlı futbol komandası ev oyunlarını keçirir.


AzNews.az
Bağla X