07:50
(077) 610-22-33

Qapalı bazar

  • >
325 5 Fevral 2013 13:53 | İqtisadiyyat



Elxan SALAHOV

Azərbaycan gündəmdəki mövzuların tez-tez, hətta saatbasaat dəyişdiyi ölkələrdəndir. İndi hərə öz gündəmindən danışır: biri İsmayıllıdakı, Zaqataladakı, İmişlidəki sosial problemlərdən qaynaqlanan narazılıqların kütləvi etiraz aksiyalarına çevrilə biləcəyindən, biri Əkrəm Əylislinin "Daş yuxular" romanından, bir başqası isə dünən axşam həbsə alınan Tofiq Yaqublu və İlqar Məmmədovdan yazır. Zatən, bunların hər biri ölkənin gündəmini tutan məsələlərdir. Amma bir məsələ də var ki, Azərbaycanda bircə saat belə, gündəmdən düşməyib. O məsələ ki, Azərbaycanda bütün ictimai narazılıqların və proseslərin kökündə dayanır: bahalıq.


Dövlət Statistika Komitəsi Azərbaycan bazarında qarşısıalınmaz prosesə çevrilən bahalaşmaya dair son hesabatını açıqlayıb. Məlum olub ki, yanvar ayında təkcə kartofun qiyməti 12 faizə qədər artıb. Bahalaşan təkcə kənd təsərrüfatı məhsullarında deyil. Azərbaycanın özündə istehsal olunan və xaricdən gətirilən qida sənayesi məhsullarının da qiyməti qalxıb. Ən böyük artım isə daxili bazarda inhisarçı kimi tanınan müəssisələrin istehsal etdiyi məhsulların payına düşür. Məsələn, Azərbaycanda yeganə tütün məmulatları istehsalçısı olan "European Tobacco" ötən həftə bütün növ siqaretlərin qiymətini 10 qəpik qaldırdı. "Azersun Holding"in də inhisarında olan əksər məhsulların, o cümlədən şəkər tozu və duru yağların qiymətini 15 qəpiyə qədər bahalaşıb.

Azərbaycanda sürətlə artan bahalaşmanın əsas səbəbinin inhisarçılıq olduğu heç kimə sirr deyil. Sanki ölkənin bütün inhisarçıları birləşib kasıbların qanını sormağa, cibimizdəki ən son qəpiyi də əlimizdən almağa girişib. Ölkədəki böyük güclər və monopolistlər başqalarının bazara girməsinə imkan vermədiyindən hətta dövlət nəzarəti orqanları bahalaşmanın qarşısını almaqda acizdir. Ən maraqlısı isə odur ki, həm rəsmi qurumlar, həm də istehsalçı şirkətlər bahalaşmanı inkar edərək prosesin sərbəst bazar prinsiplərinə uyğun şəkildə öz-özünə tənzimləndiyini iddia edir. Guya, 20 ildir Azərbaycanda sərbəst bazar iqtisadiyyatı hökm sürürmüş və qiymətlər bazardakı tələb-təklifə uğun şəkildə öz-özünü tənzimləyir.

Belədirsə, sərbəst bazar prinsiplərinin mal və məhsulların qiymət siyasətində nəyi və necə dəyişdiyinə aydınlıq gətirək: sovet dönəmində dükan və bazarlardakı bütün növ malların üzərində qiymətlərin olduğunu yəqin çoxları xatırlayır. İndikindən fərqli olaraq, o dövrdə hər bir istehsalçıya istehsal etdiyi məhsulunun üzərində onun çəkisinə, ölçüsünə, qiymətinə dair məlumatları göstərmək tələbi qoyurdu. Bu qaydanın tətbiqinin yeganə məqsədi bazarda haqsız rəqabətə və süni qiymət artımına yol verməmək idi. SSRİ-nin dağılması ilə istehlak bazarındakı bu prinsiplər də dəyişdi və indi heç bir istehsalçı istehsal etdiyi məhsulun üzərində onun qiymətini göstərmir. Düzdür, planlı iqtisadiyyata əsaslanan sovet hakimiyyəti dönəmində dövlətin özünün siyasəti belə tələb edirdi. Yəni istehlak bazarında əksər malların, xüsusən qablaşdırılmış məhsulların üzərində qiymətlərin yazılması məcburi idi. İndi isə sərbəst bazar prinsipləri hər şeyi özəl sektorun ixtiyarına buraxıb və dövlət məhsul istehsalçısına diktə edə bilmir. Yəni indiki halda bu, məcburi deyil və məhsulun üzərində onun qiymətinin göstərilməsinə qanuni tələb yoxdur. Amma bir həqiqət var ki, inhisarçılğın aradan qaldırılması yolu ilə bazardakı süni bahalaşmanın qarşısını almaq mümkündür və bu, dövlətin bilavasitə vəzifəsidir.

Həm də İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu məqsəd üçün yaradılıb, axı. Amma bu idarənin bazardakı bahalaşmanın qarşısını ala bilmədiyi göz önündədir. Səbəb yenə inhisarçılardır: bir nazirliyin strukturu bazarda oturuşmuş böyük güclərin qarşısında çox gücsüzdür. Çünki Azərbaycanda bazar iştirakçılarının öz bazarlığı var, onlar gerçək rəqabətdə də bazarlığa gedə bilir.
Təki bazar olsun!
Bağla X