09:01
(077) 610-22-33

Azərbaycanın özəl bank sektoru çökür?

  • >
1 541 6 Avqust 2012 13:43 | İqtisadiyyat

Vüqar Bayramlı: “Banklarda yerləşdirilən depozitlər kəskin şəkildə aşağı düşəcək”



Bir müddət əvvəl Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə "Royal Bank" ASC-nin lisenziyası ləğv edildi. Lisenziyanın ləğv edilməsi bankın bir sıra tələblərə cavab verməməsi ilə bağlıdır. Qeyd edək ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) agent bankları vasitəsilə lisenziyası ləğv edilmiş "Royal Bank" ASC-nin əmanətləri qorunan əmanətçilərinə kompensasiyaların verilməsinə başlayacaqdı. Ancaq ƏSF 58 milyon əmanətin yalnız 29 faizini - 7 milyon manatını qaytaracaq; mövcud bank qaydaları əmanətlərin mənimsənilməsinə yaşıl işıq yandırır. Əmantçilərin 41 milyon manatının bankda batması artıq müştərilərin banklara olan inamının itməsinə və depozitlərini geri götürmələrinə səbəb olub. AzNews.az vətəndaşları narahat edən bu məsələyə aydınlıq gətirməyə çalışıb.


Bir bankın müflisləşməsi ilə...


İqtisadçı ekspert Vüqar Bayramlının AzNews.az-a verdiyi açıqlamaya görə, artıq vətəndaşların banklara inamı azalıb: "Royal Bank"-ın lisenziyasının ləğv edilməsi və Əmanətlərin Sığortalanması Fondunun əmanətin yalnız 29%-inin sığortalaması kifayət qədər təəssüfedici faktdır. Bu o deməkdir ki, bankda olan əmanətin hər 100 manatından ancaq 29 manatı sığortalanıb. Bu da kifayət qədər kiçik rəqəmdir. Nəzərə alaq ki, bank sektoru kifayət qədər spesifik, həssas sahə olduğundan bir bankın müflisləşməsi birmənalı şəkildə digər banklara olan inmın itməsinə gətirib çıxarır. "Royal Bank"ın müflisləşməsi və əmanətlərin geri qaytarılmaması ilə də hazırda belə bir inamsızlıq müşahidə edilməkdədir. Mərkəzi Bankın kapitalın kəmiyyət və keyfiyyətinin artırılması barədə verdiyi qərar banklara inamın artmasına xidmət edir və bu addımın müəyyən qədər effekti olacaq". Ancaq iqtisadçının sözlərinə görə, bütün hallarda reallıq ondan ibarətdir ki, banklara olan inam azalıb. Bu da depozitlərin artımına hökmən təsirini göstərəcək: "Hər halda güman olunmur ki, vətəndaşlar kütləvi şəkildə depozitlərini bankdan çəkəcəklər. Belə bir təhlükə yoxdur. Ancaq artıq vətəndaşlar banka əmanət qoyan zaman daha da ehtiyalı olacaqlar. Bu da təbii ki, inamın itməsindən irəli gəlir. Buna görə də, Mərkəzi Bank təkcə inzibati deyil, həm də təşviqedici metodlardan istifadə edərək bank sektoruna olan inamın artmasına nail olmalıdır. Əks halda banklarda yerləşdirilən depozitlərin kəskin şəkildə aşağı düşməsinə gətirib çıxara bilər".


Bəs banklar vətəndaşların inamını qazanmaq üçün psixoloji baxımdan hansı işləri görə bilər?


Bu barədə Az.News.az-ın suallarını sosial psixoloq Naib Niftəliyev cavablandırdı: "Royal Bankın iflasa uğraması, müflis olması sözsüz ki, müvafiq bankın əmanətçıiləri, müştəriləri üçün arzuolunmaz, xoşagəlməz hadisədir. Belə vəziyyət bank sektoruna olan inamı, etibarı istər-istəməz azaldır. Əgər bank müflis olubsa, ortada 41 milyon manatlıq əmanət batıbsa, deməli, biznes-plan və maliyyə strategiyası əvvəlcədən düzgün qurulmayıb. Əgər bu əmanətlərin heç olmasa, müəyyən bir qismi sığortalanıbsa, onda bankın müştərisi olan vətəndaşların vəziyyəti bir qədər yüngülləşir. Əks halda müştərilərlə müflis olmuş bankın münasibətləri hüquqi müstəvidə tənzimlənməlidir. Yəni bankın əmlakı, cavabdeh şəxslərin vəziyyəti və məsuliyyəti qiymətləndirilməli, zərərin mümkün olan hissəsinin ödənilməsi təmin olunmalıdır".

Eyni zamanda, bir neçə bankla əlaqə saxlayıb məlum hadisədən sonra həmin banklara əmanətçilərin inamının nə dərəcə olduğunu, depozitlərin geri götürülüb-götürülmədiyini öyrənməyə çalışdıq. Ancaq təəssüf ki, bankların bir neçəsi ümumiyyətlə zənglərimizə cavab vermədilər. "Unibank"ın əməkdaşı isə bununla bağlı suallarımıza cavab vermək istəmədiklərini bildirdi. "Zaminbank" ASC-nin abonent şöbəsindən Nərmin xanımın verdiyi məlumata görə isə, bu bankda belə bir hal müşahidə olunmayıb. Əksinə depozitlər artıb və müştərilərin də heç bir narazılığı yoxdur.


Sevinc Fədai

Az.News.az


Bağla X