11:27
(077) 610-22-33

Prezident və xanımı beşulduzlu hotelinin açılışını etdi

  • >
737 3 Sentyabr 2012 16:28 | İqtisadiyyat

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bazar ertəsi Bakıda beşulduzlu "Four Seasons" hotelinin açılışında iştirak ediblər. Dövlətimizin başçısı hotelin rəmzi açılışını bildirən lenti kəsib. Azərbaycan Prezidenti və xanımı hoteldə yaradılmış şəraitlə tanış oldular.

Məlumat verildi ki, "Four Seasons Hotel Baku" məşhur "Four Seasons" hotellər şəbəkəsinin dünyadakı 90-cı hotelidir. Xəzər dənizinin sahilində, İçərişəhərin və Dənizkənarı Milli Parkın bir neçə addımlığında yerləşən hoteldə 27 lüks nömrə, iki prezident lüksü olmaqla, 171 geniş otaq, klassik interyer yaradılıb. Qonaqlar otaqların əksəriyyətindən Bakının və Xəzər dənizinin füsunkar mənzərəsini seyr edə biləcəklər.

Bildirildi ki, hoteldə iki ziyafət, bir neçə kiçik banket zalları, işgüzar görüşlərin keçirilməsi üçün beş konfrans salonu fəaliyyət göstərir. Burada şüşə tavanlı hovuz, müasir sağlamlıq və idman mərkəzi, 10 prosedur otağı, eləcə də qədim Azərbaycan, türk və fars ənənələri əsasında dəriyə qulluq göstərilən "Jaleh Spa" vardır.

Hoteldə italyan mətbəxinin təamlarının təklif edildiyi "Zafferano" restoranı, çay və ləziz desertlər üçün "Piazza Launge", "Bentley" barı fəaliyyət göstərir. Dəniz məhsullarının təqdim edildiyi "Kaspia" restoranında özəl ziyafətlər üçün kiçik "Qarabağ" zalı da var.

Diqqətə çatdırıldı ki, 350 nəfər işçisi olan hotelin çoxdilli konsyerj xidməti şəhərin əyləncə məkanlarını asanlıqla tapmaq, tarixi yerlərə, çimərliklərə, xizək mərkəzlərinə şəhərdən kənar turist səfərləri etmək imkanı yaradır. Prezident İlham Əliyev hotelin kollektivi ilə görüşdü, onları təbrik etdi.

AzNews.az
Bağla X