11:27
(077) 610-22-33

Nazirlik rəsmisi əksər rayonlardan narazıdır

  • >
757 22 Sentyabr 2012 12:20 | İqtisadiyyat

“Balın qiyməti 15 manata satılırsa bu çox böyük bir rəqəmdir”



Biz Astara, Samux, Göygöl, xüsusilə Gəncə və Daşkəsən rayonunun arıçılarından çox narazıyıq. Nəzarətin olmaması ucbatından bunlar hər il sərgi-satış yarmarkasına axın edərək özləri ilə keyfiyyətsiz bal gətirirlər.Bunu müsahibəsində Kənd Təsərrüfatı nazirliyinin şöbə müdiri Çingiz Fərəcov bildirib. Onun sözləörinə görə, həmin insanlar burada bir növ alverlə məşğul olurlar:

"Ötən illər arıçılıq məhsullarının sərgi-satış yarmarkası açıq havada keçirildiyi zaman ən azı 1200-1300 nəfər arıçı adı altında şəxslər burada iştirak edirdilər. Onların arasında saxta bal satanlar, alverçilər var idi. Biz hər bir vasitə ilə onları bu yarmarkadan uzaqlaşdırmağa çalışırdıq. Lakin buna baxmayaraq bir çox çətinliklərlə üzləşirdik. Belə ki, biz 150 nəfər arıçını dəvət edirdiksə təkcə Astara rayonundan 160, keçən il isə 90 nəfər icazəsiz halda arıçı gəlib. Onların bəziləri İrandan keyfiyyətsiz bal alaraq pul qazanmağa çalışırdılar.

Məhz bununla əlaqədar olaraq biz rayon icra hakimiyyətlərinin başçılarına 150 nəfərin qeydiyyatını vermişik. Respublikada ən çox arı ailəsi Zaqatala rayonundadır. Biz adı çəkilən bu rayondan 10 nəfərin bölgüsü aparılıb. Bununla belə Astara, Daşkəsən rayonundan 6 nəfər burada iştirak edəcək. Əsasən yarmarkaya aztəminatlı ailələr, xəstələr, qocalar, əlillər, müəllimlər və s. gəlirlər ki, dərman məqsədilə təmiz keyfiyyətli bal alsınlar".

Şöbə müdiri balın qiymətinə də toxunaraq dedi ki, balın 1 kq-ı 15 manata satılacaq: "Bu qiyməti Kənd Təsərrüfatı Nazirliyi müəyyən etməyib. 15 manat çox böyük puldur. Dünyanın bütün ölkələrində balın 1 kq-ı dörd, beş, yeddi ABŞ dollarına satılır. Azərbaycanda bu 15 manata satılırsa bu çox böyük bir rəqəmdir. Əgər kim bu qiymətlə razılaşmırsa onlar gəlməsin. Biz yarmarkaya heç kəsi məcbur gətirmirik. Arıçılar sərgi-satış yarmarkasında iştirak edərək "Laləndə" şadlıq sarayının mühasibatlığına 55 manat yer üçün icarə haqqı keçirərək oradan aldığı qəbzin sürətini Kənd Təsərrüfatı Nazirliyinin işçi qrupuna təqdim etməlidirlər və onun müqabilində həmin insanlara dəvətnamələr veriləcək. Bu insanlar burada pulsuz stolla, xalatla və digər avadanlıqlarla təchiz olunacaqlar".

Ç.Fərəcov həmçinin bildirdi ki, sərgi-satış yarmarkasının əsas məqsədi bal satmaq deyil orada iştirak edəcək arıçılara minimum biliklərin öyrədilməsi olacaq: "Biz rayon icra hakimiyyətinin icra başçılarına müraciət edərək onlardan buraya gənc arıçıların gəlməsini xahiş etmişik. Çünki onlar yarmarkada bir-birləri ilə fikir mübadiləsi apararaq arıçılığa dair bu və ya digər problemləri öyrənmək imkanına malik olsunlar".

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə hər il arçılıq məhsullarının sərgi-satış yarmarkası keçirilir. Artıq 13 ildir ki, bu mütəmadi olaraq davam etdirilir. Bu il arıçılıq məhsullarının sərgi-satış yarmarkası 2012-ci ilin oktyabr ayının 17-dən noyabrın 5-dək davam edəcək. Ötən illərdən fərqli olaraq bu il arıçılıq məhsullarının sərgi-satış yarmarkası yığcam, qapalı bir binada yəni, Bakı şəhəri, Gənclik metrosunun yanında yerləşən Maqsud Əlizadə və Atatürk küçəsinin kəsişməsindəki "Laləndə" şadlıq sarayında keçirilməsi planlaşdırılıb. Ümumilikdə respublikanın müxtəlif reginonlarından 150-ə yaxın arıçının burada iştirakı nəzərdə tutulub.

AzNews.az
Bağla X