05:57
(077) 610-22-33

Banklar sürətlə boşalır - Əhali 284,8 milyonunu geriyə çəkib

  • >
2 406 14 Oktyabr 2015 09:35 | İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankının (AMB) beynəlxalq aktivləri sürətlə "əriməkdə"dir. AMB-nin yanvar-avqust ayı üçün açıqladığı hesabata görə, beynəlxalq rezervləri (valyuta ehtiyatı+qızıl+qiymətli kağızlar) ilin əvvəli ilə müqayisədə 6.4 milyard dollar azalaraq, 7.3 milyard dollara qədər enib.


AzNews.az "Bizim Yol" qəzetinə istinadən xəbər verir ki, AMB-nin beynəlxalq ehtiyatlarının ən pik həddi ötən ilin iyulunda olub - 15.193 milyard dollar. Ötən bir il ərzində sözügedən ehtiyatlar iki dəfə azalıb. Əlbəttə, azalmanın əsas səbəblərindən biri rezervlərin strukturuna daxil olan valyuta ehtiyatlarının kəskin "əriməsi"dir. Daha sonrakı mərhələlərdə isə qızıl və qiymətli kağızlarda itkilərin baş verməsi durur.
8 ayın hesabatından məlum olur ki, ölkə iqtisadiyyatına kredit qoyuluşu 20 milyard təşkil edib. İlin əvvəli ilə müqayisədə 7.5 faiz çox olsa da, ferval ayından etibarən tədricən kredit qoyuluşlarında azalma müşahidə edilməkdədir.

AMB-nin statistikasından məlum olur ki, problemli kreditlərin də həcmi artaraq 1.3 milyard manata yüksəlib ki, bu da ümumi portfelin 6.6 faizini təşkil edir. Xatırladaq ki, ilin əvvəlində vaxtı keçmiş kreditlər 976 milyon manat olub. Burada maraqlı nüanslardan biri, ötən ilin sonunda Azərbaycan Beynəlxalq Bankının problemli kreditlərinin 1.1 milyard manat olduğu halda, AMB-nin ölkə üçün ümumi göstəricisində vaxtı keçmiş borcların həcminin 976 milyon manat göstərilməsidir. "Kredit" əməliyyatında məlum oldu ki, Beynəlxalq Banka qaytarılmayan borcların həcmi 3 milyarda yaxındır. Amma yenə rəsmi statistikada ölkə üzrə ümumi problemli kreditlərin həcmi 1.3 milyard manat göstərilir. O zaman Beynəlxalq Banka olan borclar hara gedir?

Kredit qoyuluşlarının strukturuna gəlincə, əsas dəyişiklik istehlak kreditlərində müşahidə edilir. Bu istiqamətdə banklar tərəfindən yönəldilən vəsaitlərin payı 44 faizdən 38 faizə qədər düşüb. Hazırda ölkə üzrə kredit təşkilatları tərəfindən həmin sahəyə qoyulan vəsaitin həcmi 7.6 milyard manat olub.

Hesabatı təhlil etdikdə məlum olur ki, manatla kredit qoyuluşları tamamilə dayandırılıb. İyul ayına nisbətən cəmi 9 milyon kredit manatla verilib. İlin əvvəlinə görə isə manatla verilən borclar kəskin azalıb.

Dollarla verilən kreditlər ilin əvvəli ilə müqayisədə 3 milyarda yaxın artsa da, avqust ayında iyul ayı ilə müqayisədə azalma müşahidə edilməkdədir. Bütün bunlar onu deməyə əsas verir ki, banklar tərəfindən kredit qoyuluşlarında tam bir durğunluq müşahidə edilməkdədir, iqtisadiyyatın real sektoruna hər hansı bir yatırım qoyulmur.

Fiziki şəxslər tərəfindən banklara qoyulan əmanətlərin həcmində də azalma müşahidə edilir. AMB-nin 8 ayının hesabatına görə, əhali qrupu tərəfindən banklara qoyulan əmanətlərin həcmi 7.3 milyard manat təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 300 milyon manata yaxın azdır. Bu o deməkdir ki, əhali bir ayda eyni həcmdə pulunu banklardan geri çəkib.

Əsas azalma manatla qoyulan depozitlərdə özünü göstərir. Manata qarşı inamın azalması milli valyutada yatırılan əmanətlərin sürətlə "əriməsinə" rəvac verib. Əgər ilin əvvəlində manatla qoyulan depozitlərin həcmi 4.2 milyard manat olubsa, artıq avqust ayında bu rəqəm 1.8 milyard manata qədər düşüb.

Dollarla yatırılan əmanətlərdə isə əksinə ilin əvvəlindən başlayaraq artım tendensiyası müşahidə edilir. Hazırda əhali tərəfindən dollarda qoyulan əmanətlərin payı 5.4 milyard manat təşkil edir.

İqtisadçı-ekspert Nemət Əliyev qeyd edir ki, bankların vəziyyəti pisləşməkdə davam edir: "Hesabatdan məlum olur ki, bankların maliyyə durumunu sağlamlaşdırmaq və banklara itmiş inamı bərpa etmək yönündə hökumətin və Mərkəzi Bankın birgə tədbirləri nəinki bəhrə verməyib, əksinə bu sahədəki problemləri daha da düyünə salıb. Yalnız bu ilin avqust ayında əhali əmanətlərin daha 284,8 milyon manatını bank sistemindən geriyə çəkib. Devalvasiya qərarından ötən müddətdə əmanətlər üst-üstə 612,4 milyon manat azalıb".

N.Əliyev vurğulayır ki, avqust ayında qeyri-maliyyə təşkilatlarının banklarda saxladığı depozitlər 96,5 milyon manat artsa da, maliyyə təşkilatlarının depozitləri 367,2 milyon manat azalıb: "Odur ki, ümumi bank depozitləri yalnız bu bir ayda 555,5 milyon manat azalıb. Qeyd edilən dövrdə vaxtı keçmiş kreditlərin məbləğinin daha 38,8 milyon manat artaraq 1,3 milyardı üstələməsi bankların maliyyə durumunu daha da müşkül edib".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da bildirir ki, bir sıra bankların öhdəliklərini yerinə yetirə bilməməsi bəzi vətəndaşlarda pullarının əmanət formasında saxlanılması ilə bağlı müəyyən tərəddüdlər yaradıb: "Lisenziyası hələ də ləğv edilməyən 2 bankda əmanətçilərin öz pullarını geri almaqda çətinliklərlə üzləşməsi problemi daha da aktuallaşdırıb. Hesabat dövrü üzrə son 2 ayda əmanətlərin həcmi 333 milyon manat aşağı düşüb. Göründüyü kimi, bir sıra banklarda əmanətlərin taleyi ilə bağlı qeyri-müəyyənlik əhalinin yığımla bağlı qərarlarına ciddi təsir göstərməkdədir".

V.Bayramov deyir ki, əmanət yerləşdirən zaman bir sıra məqamlara diqqət yetirilməlidir. İqtisadçı bankların internet resurslarındakı məlumatların dolğunluğunun vacib olduğunu qeyd edir: "Birincisi, pulunuzu əmanət kimi banka yeləşdirməmişdən öncə bankların internet səhifəsinə daxil olub onun illik və rüblük hesabatlarına baxmaq vacibdir. Əgər mənfəət və zərərlər bölməsində pozitiv dinamika müşahidə edilirsə, o zaman həmin bankla əməkdaşlıq haqda düşünmək olar. Bundan əlavə, Bankın Əmanətlərin Sığortalanması Fonduna üzvlüyünün bir daha yoxlanılması vacibdir. Eyni zamanda bankda əmanət yerləşdirən zaman bir bankda pulun 30 min manatı (və ya dollar) ötməməsi və illik depozit faizinin 12-dən çox olmamasına diqqət yetirilməlidir. Nəzərə almaq lazımdır ki, sığorta əmanətlərə deyil, əmanətçiyə görə aparılır. Nəhayət, yüksək faiz təklif edən deyil, etibarlı bankda əmanətləri saxlamaq lazımdır".
Bağla X