21:50
(077) 610-22-33

Yasamalda güllələnənlərlə bağlı ŞOK faktlar üzə çıxdı – EKSKLÜZİV

  • >
364 8 Fevral 2013 12:56 | Kriminal

AzNews.az «Elbaro» qurbanlarını ziyarət etdi



Silahlı insidentdə yaralananlar xüsusi mühafizə olunur, onların yanına giriş-çıxış nəzarətdədir


Məlum olduğu kimi, yanvarın 5-də gecə saat 23:00 radələrində Yasamal rayonu ərazisində silahlı insident baş verib. Xatırladaq ki, Zahid Xəlilov küçəsində yerləşən (Bakı Dövlət Universiteti ilə üzbəüz) "Elbaro" restoranında müştərilər arasında baş vermiş mübahisə sonda qanlı olayla nəticələnib. 2 nəfər güllə yarası alıb.

Sonradan baş vermiş insidentlə bağlı belə bir rəsmi informasiya yayıldı ki, artıq hadisəni törədən şəxs (Həsənov Samir Budaq oğlu) saxlanılıb. Amma AzNews.az saytının apardığı araşdırmalar nəticəsində saxlanılan şəxsin əslində həmin hadisə zamanı ümumiyyətlə, orada olmaması bəlii olub. Belə ki, iki nəfəri güllələyən bundan sonra hadisə yerindən uzaqlaşıb və sonradan Həsənov Samir Budaq oğlu hadisəni törətdiyini könüllü şəkildə etiraf edib.

Əslində isə hadisəni törədən şəxs Azərbaycanın məşhur bəstəkarlarından birinin qardaşıdır. Hadisəni boynuna götürən şəxsin isə 9-cu mikrorayon ərazisində yerləşən "Zeytunluq bağları"ndakı restoranın sahibidir.

Göründüyü kimi baş vermiş insidentlə bağlı kifayət qədər qaranlıq məqamlar var və biz həmin müəmmalı nüanslarla bağlı geniş araşdırmalara start vermişik. Ötən gün isə AzNews.az-ın əməkdaşı insident zamanı yaralanan və hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan Aydın Məmmədov və oğlu Emin Məmmədov ziyarət etməyə yollanıb. Xəstəxanadan hazırlanan yazını sizə təqdim edirik:

Xəstəxanada danışmaq qadağası

Xəstəxanada tam sakitlik hökm sürsə də, daxili bir narahatlığın olması elə ilk baxışdan müşahidə olunurdu. Xəstələrlə bağlı məlumat almaq isə o qədər də asan başa gəlmədi. Səbəb aydındır, ortada ağır kriminal hadisə və iki yaralı var. İlk gündən bu barədə danışmaq tibbi bacılarına, texniki işçilərə qəti qadağan edilib. Ancaq buna baxmayaraq, xəstələrin hazırkı durumu və ümumiyyətlə, hadisəylə bağlı çox qiymətli informasiyalar əldə edə bildik.

Ata və oğulun ayağına aparat qoyulub

Əldə etdiyimiz məlumata görə, hər iki şəxs xəstəxananın 4-cü, yəni cərrahiyyə şöbəsində müalicə olunur. Onların müalicəsi ilə birbaşa cərrahiyyə şöbəsinin müdiri Vaqif həkim məşğuldur. Yaralılardan biri - Aydın Məmmədov (ata) sırağagün cərrahiyyə əməliyyatı edilib. Onun ayağına xüsusi aparat qoyulub ki, bu həm yara tez sağalsın, həm də ciddi xəsarət qalmasın. Dünən isə oğlu Emin Məmmədov cərrahiyyə əməliyyatına aparılıb və əməliyyat uğurla başa çatıb. E. Məmmədovun da ayağına aparat qoyulub. Hər iki şəxs hazırda reanimasiya şöbəsindədir və yaxın günlərdə palataya köçürüləcəklər.

Xəstələrin yanına yalnız iki nəfər buraxılır

Xəstəxanadan o da bildirildi ki, ata və oğul özünü hazırda yaxşı hiss edir və ətrafdakılarla əlaqədə heç bir problem yaşamırlar. Ancaq onların yanına yalnız yaxın adamları buraxılır(?!):

"İlk gündən Aydın Məmmədovun xanımı və qızı olduğu güman edilən xanımlar yanındadır. Başqa şəxslər, yaxınları məlumat almaq üçün gəlirlər, ancaq onların reanimasiyaya buraxılmasına icazə verilmir".

Yaralılar ciddi mühafizə olunur

Diqqətimizi çəkən daha bir nüans isə ata və oğulun xəstəxanada ciddi mühafizə altında olması idi. Mühafizəyə polislə yanaşı xüsusi mühafizəçilərin də cəlb edildiyi aydın görünürdü. Onlar növbə ilə reanimasiyanın qapısı qarşısında dayanırlar.

Artıq özünü yaxşı hiss edən Aydın Məmmədov hadisənin necə baş verməsi barədə də xəstəxana çalışanlarına bəzi məlumatlar verib. O, anasının 70 illik yubileyi münasibətilə restorana toplaşdıqları və tanımadığı şəxsin Eminlə mübahisə etdiyini bildirib. Ancaq mübahisənin hansı səbəbdən yarandığını açıqlamayıb. Onun sözlərinə görə, oğlu ilə həmin şəxsin mübahisəsi sanitar qovşağın qarşısında da davam edib və güllələr də məhz orada açılıb. Hər iki şəxs sağ ayağından güllə yarası alıb. Bədənlərini digər yerlərində isə heç bir xəsarət yoxdur.

Xəstəxanada apardığımız müşahidə və söhbətlər zamanı onu da öyrəndik ki, Aydın Məmmədov öz xoş rəftarı ilə fərqlənir: "Çox mehriban adamdır. Özü başına gələnləri danışıb. Hamıya qarşı diqqətlidir, hər kəsə xüsusi hörmətlə yanaşır. Atadan fərqli olaraq oğlu ünsiyyətə meyl etmir. Görünür, baş verən hadisə ona daha pis təsir edib".


Elnur Əzimov
AzNews.az
Bağla X