18:01
(077) 610-22-33

Zaqatala rayonundakı qətllə əlaqədar 8 nəfər həbs edildi

  • >
250 27 Noyabr 2013 18:37 | Kriminal

DİN və Baş Prokurorluq hadisə ilə bağlı növbəti açıqlama yayıb

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri Zaqatala rayonunda baş vermiş və 3 nəfərin ölümü ilə nəticələnən silahlı insident barədə yeni açıqlama yayıb.

DİN mətbuat xidmmətindən verilən məlumata görə, açıqlamada bildirilir ki, cari il noyabrın 24-də Zaqatala rayonunda ağır cinayət hadisəsi törədilib. Rayonun Yuxarı Tala kəndi ərazisində "VAZ-2107" markalı avtomobildən "Hyundai Elantra" markalı avtobilin odlu silahla atəşə tutulması nəticəsində sərnişinlər - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov qətlə yetirilib, sürücü, Balakən rayon sakini Vüsal Əliqayev isə xəsarət alıb.

Cinayətin xüsusilə ağır olduğunu və geniş ictimai rezonans doğurduğunu nəzərə alan DİN-in və Baş Prokurorluğun rəhbərliyinin göstərişi ilə peşəkar əməkdaşlardan ibarət əməliyyat-istintaq qrupu yaradılaraq dərhal rayona ezam olunub, hadisə yerinə baxış və digər zəruri prosessual, əməliyyat-axtarış tədbirləri görülüb.

"İsti izlər"lə bu ağır cinayətin əvvəllər məhkum olunmuş Samir Osmanov və digərləri tərəfindən törədilməsi müəyyən edilib. Təxirəsalınmaz tədbirlərlə cinayətin iştirakçıları - Samir Osmanov, "VAZ-2107" markalı avtomobilin sürücüsü Bəhruz Layıcov, onun qardaşları Vüqar və Eldəniz, Vüsal Əliqayev, Pərviz Qarayev, Aydın Sayılov və Ömər Orucov saxlanılıblar. Əməliyyat-istintaq yolu ilə iş üçün mühüm əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan 1 avtomat silah, 1 patron darağı, 9 avtomat patronu və 1 mətbəx bıçağı götürülüb.

Bu istiqamətdə aparılmış tədbirlərin davamı olaraq Bəhruz və onun qardaşı, hazırda həbsdə olan Harun Layıcova məxsus evlərə baxış zamanı isə Almaniya istehsalı olan 1 ədəd avtomat silah, 5 əl qumbarası, 4 ədəd radiostansiya, 1 fişəngatan tapança, 18 ədəd fişəng, 823 ədəd müxtəlif çaplı patron, 1 səs qumbarası, uzaqdan idarə edilən partlayıcı qurğunun detektoru, maska, qandal, xeyli sayda digər hərbi sursat, həmçinin 8 kiloqrama yaxın narkotik vasitə aşkar edilib.

Fakt üzrə Cinayət Məcəlləsinin 120.2.7 və 228.1-ci maddələri ilə cinayət işi başlanmışdır. Baş vermiş ağır cinayət hadisəsi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzNews.az
Bağla X