09:00
(077) 610-22-33

Fikrət Qoca: “Yaşamaqdan yorulmuşam” – Müsahibə

  • >
836 4 Noyabr 2013 16:48 | Mədəniyyət

"Barıtım azalıb"

"Mən qorxmuram ölümdən. Qorxuram ki, mən ölmək lazım gələndə ölə bilməyəm". Bunu deyən Xalq şairi Fikrət Qoca ilə yaşının bu çağında indiyə qədər necə yaşamasından, bundan sonra necə yaşayacağından danışdıq. Şair keçmişlə gələcək arasında dayanan bu günündən də narazı görünmədi.


- Fikrət müəllim, nə yeniliklər var?
– Qocalıq - əgər yenilik sayılırsa.

- Sizcə, qocalıq haradan başlayır və ya əksinə, gənclik hansı yaşda bitir?
- Ürək qocalanda.

- Gənc şairlər "tikə-tikə öyrənir". Razısınız bu fikirlə?
- Qoca şair də zəif şeir yaza bilər, cavan şair də. Şairlikdə əsas ruhdur, ortamdır. Ən məşhur, yaxşı dediyimiz həkim də gözü kor edə bilər.

- Cavabını bilmədiyiniz suallar çoxdur?
- Çox. Bilsəm cavabını deyərəm. Həyatda görə bilmədiyim hər şey mənim üçün cavabsız sualdır.

- Müsahibələrinizin birində ki, heyranlıq, aşiqlik sizlik deyil. Bəs nədən ilham alıb yazırsınız?
- Bu sirdir. Mən ilahi qüvvələr tərəfindən əlimə qələm alıb misraları düzürəm.

- Ölmək lazım gələndə ölə bilməməkdən qorxursunuz. Belə hadisələrlə rastlaşmısınız?
- Çox olur. İnsan Allaha ölməyi üçün yalvarır, amma yaradan canını almır. Bax, bu səhnəni arzu etmirəm heç kimə. Ölümdən qorxmuram. Ağlım var, özümü dərk edəndən bilirəm ki, ölümə doğru gedirəm. Hətta sağlamlığı üçün küçədə qaçan insan da bilir ki, o sürət onu ölümə aparır.

- Niyə kəmhövsələsiz?
- Mən cavanlıqdan eləyəm. Hələ bu qocalıq bir az məni oturdurub yerimdə. İndi daha yox.

- Siz xalqın, yoxsa YAP-ın şairisiniz?
- Xalqın şairiyəm. Boş sözlərə fikir vermirəm. Cavan olsaydım, bu sualınızın cavabını elə verərdim ki, məhkəməlik olardım. Amma indi barıtım azalıb. Mən bacardığımı yazıram. Heç kəsin deyiləm, özümünəm.

- Xalqı dənizə, insanları isə balıqların növünə bənzədirsiniz. Bəs özünüzü hansı balığa bənzədirsiniz?
- Onu ürəyimdə bilirəm. Demək istəmirəm. İnsanlar var ki, içində qurd yaşayır. İnsanlar var, daxilində canavar bəsləyir. İnsanlar xasiyyəti heyvanlardan, təbiətdəki canlılardan götürür.

- Gənc şairlərdən şeiri yadınızda qalan kimin adını çəkə bilərsiz?
- Ad çəkmirəm. Əksəriyyəti istedadlıdır. Amma biri var yüz metr qaçış, biri var marafon. Mən gənclərə marafonda uduzmamağı arzu edirəm.

- Gənclərin arasında Fikrət Qoca yetişir?
- Yox. Heç istəmirəm də olsun. Özləri olsunlar, bəlkə, məndən də yaxşı olacaqlar. Fikrət Qoca olsalar, özləri olmazlar.

- Bu gün sənət adamları arasında baş verən qalmaqallar, söz davasında sözə, sənətə yaraşmayan tərzdə münasibətlərə niyə reaksiya vermirsiz?
- Özümdə onlara söz demək ixtiyarı görmürəm. İndi məsləhətə qulaq asan onsuz da yoxdur. Bu yaşdan sonra özümü ucuzsaqqal etmək istəmirəm. Hamı özünü haqlı bilir. Demokratiya budur da. Məsləhət verib yol göstərəcəyəm, deyəcək paxıllığımı çəkir. Nəyimə gərək başımı ağrıdım.

- Bu gün insanların hamısı kömək axtarır. İndi bir qadın gördüm yanınızda. Sizdən umacağı var. Kömək edəcəksiniz?
- Əlimdən gəldiyi qədər bəli. İndi kiçik də, böyük də kömək istəyir. Amma bir şey deyim, mən insanlara köməyi ona görə edirəm ki, özüm yaxşı oluram. Bu eqoistlikdir, bilirəm, amma beləyəm. Mənə elə gəlir günahlarım çoxdur. Bilmədən ayağımın altında neçə qarışqa qalıb, bilmirəm.

- Deyirsiniz mən xalqın şairiyəm. Olub ki, xalqı incidən məmurlardan kimisə tənqid etmisiniz?
- Məsləhət vermək üçün yox, amma fikrimi daim azad demişəm. Qorxaq deyiləm.

- Əkrəm Əylisli sizin haqqınızda "Fikrət Qoca təpədən-dırnağacan saxtadır" deyir...
- Özü bilər. Bir yerdə oxumuşuq, dostluq etmişik. Daha sözüm yoxdur. Çox adamın iç üzü, çöl üzünün tərsidir, Amma baxıb çaşmayın, bu da həyat dərsidir.

- Getdiyiniz bu yol sizi hara aparır?
- Gəldiyim ünvana.

- Ürəyinizdə qalan arzunuz var?
- Deməzdim, hə. Çünki arzularım da özüm kimi qocalıb. Seyrəlib arzularım da . Bu dünyada tək arzum odur ki, mən öləndən sonra adım çəkiləndə rəhmət oxunsun.

- O rəhməti qazanmaq üçün bu gün hansı əməlləri görürsüz?
- Hər gün insanlara oturduğum kreslodan xidmət göstərirəm. Boş-boş oturub yer doldurmuram. Şöhrət istəyirəm mən, adım, mən öləndən sonra izləsin məni addım-addım. Məni təbiətim bütünlüklə təbiətə bağlayıb.

- Bu gün neçə fikirləşirsiniz, həyatı neçə yaşadınız?
- İnsan kimi yaşamağa çalışdım və mənə elə gəlir ki, bacardım. Bir vətəndaş kimi Azərbaycanı yetərincə qorudum.

- Nədən yorulmusunuz?
- Yaşamaqdan

- Təcrübə qocalıqdadırsa, bəs ustalıq nədədir?
- İstedadlılıqda, oxumaqda, dünyagörüşündə.

Aygün
AzNews.az

image description image description image description image description
Bağla X