“İnternet komissiyası fəallaşmalıdır...” “İnternet komissiyası fəallaşmalıdır...”

Baş redaktorlar Mətbuat Şurasındakı komissiyadan danışdı

“İnternet komissiyası fəallaşmalıdır...”



Artıq bir ilə yaxındır Mətbuat Şurasının tərkibində internet resursları ilə bağlı komissiya yaradılıb.


Elnur Baimovun sədri olduğu komissiya onlayn mediadan gələn şikayətləri araşdırmalı, internet media ilə bağlı məsələlərə baxmalı, veb-səhifələrə haker hücumlarını və onlayn media ilə bağlı digər məsələləri müzakirə etməlidir.

Modern.az-a açıqlamasında Elnur Baimov yanvarın sonunda komissiyanın iclası olacağını bildirib. Lakin o hələ vaxtın dəqiqləşdirilmədiyini qeyd edib.

Bəs ölkənin onlayn media rəhbərləri komissiyanın fəaliyyətini necə qiymətləndirir?

Modern.az bir sıra media rəhbərlərindən suala cavab öyrənməyə çalışıb.



Gun.az saytının redaktoru Emil Quliyev komissiyanın fəaliyyətini izləmədiyini, ona görə də razı və ya narazı olduğu haqda ümumiyyətlə heç nə deyə bilməyəcəyini vurğulayıb.

"Qafqazinfo" saytının baş redaktoru Elbrus Ərud:


"Bu qurumun yaradıldığını bilirəm. Amma hələ fəaliyyət göstərməyib, yəni praktiki fəaliyyətə başlamayıblar. Ona görə burada razılıq və narazılıqdan danışmağa dəyməz".

"Mediaforum" saytının baş redaktoru Azər Qaraçənli də internet media ilə bağlı yaradılan komissiyanın fəaliyyəti barədə o qədər də geniş məlumatlı olmadığını bildirib.


"Komissiyanın fəaliyyətinə hər hansı müsbət və yaxud mənfi qiymət vermək üçün müəyyən informasiyalar lazımdır. Lakin onun fəaliyyətini izləməmişəm və belə informasiyam yoxdur".

"Musavat.com"un redaktoru Xalid Kazımlı isə söhbət əsnasında Mətbuat Şurasının tərkibində internet media ilə bağlı yaradılan komissiyanın varlığından xəbər tutduğunu qeyd edib.


"Ölkənin bir nömrəli xəbər portalının redaktoru kimi komissiyanın fəaliyyətindən xəbərsizəmsə, deməli, səmərəli, səs-küylü işləməyiblər. Amma arzu edərdim ki, öz mövcudluğunu bildirsin".

"Aznews.az"ın baş redaktoru Elçin Zahiroğlu bildirib ki, onlar hələlik Mətbuat Şurasının üzvü olmadıqlarından komissiyanın fəaliyyəti ilə yaxından tanış deyillər.



"Amma bilirəm ki, bu komissiya yaranandan Mətbuat Şurasının internet mediaya diqqəti daha da artıb, internet saytlarının Mətbuat Şurasına üzvlük məsələsi qaldırılıb və səhv etmirəmsə, artıq 5-6 sayt bu qurumun üzvüdür. Eyni zamanda şuranın idarə heyətinə iki saytın rəhbəri seçilə bilib. Hesab edirəm ki, komissiya saytlarla bağlı daha səmərəli işləməlidir. Həm də internet mediasının problemləri barədə ümumi müzakirələrin keçirilməsində, media rəhbərlərinin toplanmasında bir əlaqələndirici funksiyasını da yerinə yetirməlidir".

"Lent.az" saytının baş redaktoru Qabil Abbasoğlu:


"Doğrusu, bu komissiyanın yaranmasından xəbərim oldu, ancaq sonradan hər hansı fəaliyyəti, yaxud bu fəaliyyətin nəticələri ilə tanış deyiləm. İnternet media sahəsində çalışdığımız üçün belə bir fəaliyyətdən ilk növbədə bizim xəbərimiz olmalıydı. Görünür, komissiya məlumatlandırma işinə önəm vermir, o səbəbdəndir".

AzNews.az