“Peşəkar rejissorları teatrdan uzaqlaşdırmaq istəyirlər”-İDDİA

"Mehriban Ələkbərzadə Azərbaycanda öz dəsti-xətti, üslubu ilə seçilən rejissorlardandı. İnanmıram onun quruluş verdiyi tamaşada qeyri-peşəkarlıq olsun".

Bunu AzNews.az-a tanınmış rejissor Rövşən Almuradlı "Qatil" tamaşasındakı erotik səhnələrlə bağlı yaranmış qalmaqala münasibət bildirərkən deyib. Onun sözlərinə görə, tamaşada erotik səhnələrin olmasında qəbahət yoxdur: "Çox təəssüf ki, həmin tamaşaya hələ baxmamışam. Amma onu deyə bilərəm ki, əgər tamaşa erotikaya xidmət eləmirsə, müəyyən səhnələrdə bu, özünü göstərirsə, bunu tənqid etmək düzgün deyil. Erotikanın özü də bir təsir vasitəsidir. Bu tamaşanı tənqid edənlər bir baxsınlar hələ 30 il 40 il əvvəl hansı əsərləri səhnəyə qoyurdular?...Ümumiyyətlə, mən başa düşə bilmirəm ki, bu qırğınlar niyə düşdü, nə baş verib? Bu, Azərbaycanda peşəkar rejissorları səhnədən uzaqlaşdırmaq üçün qurulmuş oyundur. Çünki hazırda belə bir tendensiya başlayıb".

Xatırladaq ki, Xalq artisti Alim Qasımov və əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov Akademik Milli Dram Teatrının səhnəsində Mehriban Ələkbərzadənin quruluş verdiyi "Qatil" tamaçasını erotik səhnələrə görə tərk edib.

Bahar Rüstəmli
AzNews.az