08:41
(077) 610-22-33

Emil Əfrasiyab: “Jerar Depardye məni filmə çəkməzdən əvvəl muğam ifa etdi”

  • >
2 646 14 Sentyabr 2012 08:28 | Mədəniyyət

“Fransada həm aktyorluq edəcəm, həm də musiqi yazacam”



Əməkdar artist, Beynəlxalq Caz festivallarının qalibi, pianoçu, bəstəkar Emil Əfrasiyab məşhur aktyor Jerar Deperdenin Fransada çəkiləcək filminə dəvət alıb. Bu xəbəri eşidəndən sonra Emili redaksiyamıza dəvət edib, onun fikirlərini almaq istədik.

- Necə oldu ki, Fransanın məşhur aktyoru Jerar Depardye məhz Sizi bəyəndi?

- Azərbaycanda ekranlaşdırılan sənədli filmin çəkilişləri əslində, Fransa rejissorları ilə birgə baş tutmalı idi. Bu filmlə bağlı haradasa bir ilə yaxındır ki, söhbətlər gedirdi. Musiqiçilərlə bağlı Azərbaycandan və başqa ölkələrdən bu insana təqdimat verildi. Eləcə də mənim təqdimatım ona göndərildi. Həm də o, məni "Youtube" vasitəsilə dinləmişdi. Seçim bir il çəkdi və o, məni seçdi. O, mənə zəng edib dedi ki, səninlə işləmək istəyirəm. Doğrudan da sevindim və öz təşəkkürümü bildirdim. Nəhayətdə biz görüşəndə o, mənə dedi ki: "mən səni çoxdan tanıyırdım. Musiqilərini dinləyirdim".

- Onu burada daha çox nə maraqlandırırdı?

- Azərbaycan mədəniyyəti və incəsənəti. Bizim danışdıqlarımız sözün yaxşı mənasında onu daha da təəccübləndirirdi. Axırda söhbət muğama çatdı. Mən ona dedim ki, muğam caz musiqisi kimi azaddır. Muğamda böyük imkanlar var. Müxtəlif ölkələrdə hansısa bir əsər çalınanada tonallığı tapırlar. Muğam musiqisində heç vaxt tonallıq səslənmir.

O, məndən bir əsər çalmağımı xahiş etdi. Qədim muğam necə səslənibsə, onu Avropa musiqisi ilə sintez etməyimi istədi. Vallah, mən çox düşündüm. İstəmədim ki, ona şablon olan əsərlərdən nəsə çalam.

- Nəticəsi necə oldu?

- Mən "Şur" muğamından başladım. Musiqiçi öz işi ilə məşğul olanda tamam başqa bir dünya açılır. Məişət, həyat yaddan çıxıb ikinci bir plana keçir. Mən "Segah" ladına düşəndə, yadıma təsadüfən Fransanın məşhur əsəri "Şanse-lize" düşdü. Bu, Fransada tanınmış bir küçədir. Bunu ifa edəndə o, yerindən duraraq, "Şanse-lize" deyə-deyə royal arxasına yaxınlaşdı. Onu klassik formada, məsələn, Baxın üslubunda təqdim elədim. Ondan sonra isə keçid aldım qədimi tradiciya musiqisinə. "Segah" muğamında "Şanse-lize" çalınanda o, lap dəli oldu. İmkan vermədi ki, ifanı axıra çatdıram. Mən ona sübut etdim ki, Azərbaycanın nə qədər zəngin musiqisi var. Muğamın yeni forması üzə çıxıb. İndiki formada cavan uşaqların oxu tərzi tam başqadır. Muğama çox böyük yollar açılır. Bu iki musiqi janrı bir-birinə çox yaxındır.

- Bu görüşdən sonra Jerar sizə Fransa filminə musiqi yazmağı tapşırdı?

- Bu təsadüfən baş verdi. Jerar dedi ki, "mən sənin gözlərində aktyorluq hiss edirəm". Dedim ki, dostlarım da bunu deyir. Deyirlər ki, sən aktyor olmalı idin. Hamını yamsılamağı bacarırsan. O, mənə dedi ki, "sənə bir təklifim var, sizi filmdə çəkmək istəyirəm". Doğrusu, bir az təəccübləndim. Fransız aktyoru ilə bir filmdə çəkilmək, nə gözəl. Hələ bu harasıdır. O, mənə həmin filmə musiqi yazmağı tapşırdı. İlk dəfədi ki, Azərbaycan vətəndaşı Fransa filimi üçün musiqi yazacaq.

- Həmin filmin çəkilişləri harada olacaq?

- Fransada. Mən orada həm aktyorluq edəcəm, həm də musiqi yazacam.

- Sirr deyilsə, nə yazacaqsınız?

- Artıq bu beynimdə yavaş-yavaş doğulur.

- Həmin filmdə Azərbaycan musiqisinin çalarları görünəcək?

- Mən azərbaycanlıyam. Bunsuz mümkün deyil. Amma həmin çalarlar milli formada olacaq, yoxsa Avropa üslubunda hələ deyə bilmərəm. Hiss edirəm ki, maraqlı bir şey alınacaq. Hər şey şifahi razılaşdırılıb. Amma müqavilə hələ bağlanmayıb. Bir günə musiqi yazılmır. Müxtəlif fikirlər var. Yəqin ki, maraqlı bir rol olar.

- Cazla muğamı nə bağlayır?

- Hər bir ölkənin özünəməxsus lokal musiqisi var. Yəni, yerli mədəniyyət. 60-70-ci illərdə dünyada səslənən musiqini pop deyil, caz adlandırırlar. Muğam da bizim qədim musiqimizdir. Neyləsək də gedib onun kökünə dayanacağıq. Elə musiqiçi var ki, əsəri yaşadır, eləsi də var ki, öldürür. Hər şey musiqiçidən asılıdır. Azərbaycan musiqisi mövzusu dəyişilməməlidir. Bu çox təhlükəlidir.

- Son olaraq, sizcə Caza maraq nə qədərdir, indi kimlər qulaq asır bina?

- Caz düşündürücü bir musiqidir. İnsanlar yorğun olduğu halda pop musiqisinə daha çox qulaq asırlar. Caza Azərbaycanda böyük qayğı başlayıb. 2002-ci ildən caz festivallarına start verilib. Amma o illlə bu gün keçirilən festivalların arasında böyük fərq var. Hər il ölkəyə tanınmış musiqiçilər dəvət alır. Bu bizim üçün vacibdir. O vaxtlar Vaqif Mustafazadəyə qadağa, yaxud da saksafona görə kimisə güllələmək istəyirdilər. Onlar bu yolu bizim üçün qoyublar ki, davam etdirək.

Mən düşünürəm ki, Vaqif Mustafazadə vaxtında doğulmadı. Bir az da çox yaşasaydı, o, Azərbaycan musiqisinin cazla sintezini görərdi. Bu sintez bizimdi, kimsə istəsə də onu bizdən ala bilməz. Birinci növbədə bu gözə girir. Bizim Azərbaycan musiqiçiləri var ki, onlar müxtəlif əsərlər ifa edirlər. Burada da siyasət var. Bu gün cazın inkişafından tam razı olmasam da, hər-halda qaneedicidir.

Bahar Rüstəmli
AzNews.az
Bağla X