14:35
(077) 610-22-33

"Azərbaycan yazıçılarının ən böyük bəlası onların qorxaqlığıdır" - Müsahibə

  • >
3 865 30 Mart 2015 14:23 | Mədəniyyət

AzNews.az Kulis.az-a istinadən Şərif Ağayarın Xalq şairi Sabir Rüstəmxanlı ilə söhbətini təqdim edir:



- Təzə kitablarınızdan başlayaq... Vaxt darlığına baxmayaraq, məhsuldarsınız... "Sunami" romanından sonra publisistik kitabınız, xarici ölkələrdə şeir kitablarınız çap olundu.

- Hə. "Dərdə əyilmə" adlı publisistik kitabım çıxdı. Son 20 ildə yazdığım ən seçmə yazılar toplanıb. Bu dövrdə yazılanlar iki-üç kitaba sığmaz, şübhəsiz. Hələ müsahibələri demirəm... Seçib çap eləmişəm. Bu, "Ömür kitabı", "Bu sənin xalqındır"dan sonra üçüncü publisistik kitabımdır. Kitablar biri-birinin davamıdır.

- Niyə daha bir roman yox, publisistika?

- Oxucuların reallığa marağı daha çoxdu zamanımızda. İndi romanların özündə də, bədiilik qalmaq şərtiylə real faktlar daha geniş yer tutmağa başlayır.

- Siz heç vaxt imzanızın altına fəxri ad yazmırsız...

- Xaric üçün yazanda, olur.

- Məsələn, Musa Yaqub xalq şairi deyil, siz xalq şairisiz...

- Əlbəttə, mənim dostlarım var ki, onlar bu ada layiqdir. Onların yanında bunu xüsusi olaraq vurğulamağa ehtiyac yoxdur. Əlimdə imkan olsa, hamıdan əvvəl Musa Yaquba verərdim bu adı. O da mənə verərdi, əmin olun.

- Türklər xalq şeiri yazan şairlərə "xalq şairi" deyir.

- Bizdə təkcə dil və janrla bağlı deyil. Bu rəsmi addır və şübhəsiz ki, veriləndə dövlətin müəyyən maraqları da nəzərə alınır. Yeri gəlmişkən, bir şey deyim, 1983-cü ildə rəhmətlik Nüsrət Kəsəmənliylə mənim kitabımı ("Gəncə qapısı" – Ş.A.) komsomol mükafatına təqdim etmişdilər. Mərkəzi Komitənin katibi Həsən Həsənov kitab çıxan kimi oxuyub mənə zəng eləmişdi. Demişdi, şeirlərin məni dəli elədi, səhərəcən yatmamışam. Mükafata təqdim olunanda bir gün hansısa tədbirdə görüşdük. Qoluma girib dedi, dostunu da, səni də komsomol mükafatına göndəriblər, yer də bir dənədir, necə düşünürsən? Dedim, ikimizə də verin, pulu da aramızda bölərik. Məəttəl qaldı, dedi, ilk dəfə görürəm ki, bir yazıçı dostunu bu qədər müdafiə edir.

- Gənc nəsil sizi daha çox siyasətçi kimi tanıyır...

- Elədir. Əvvəl şair kimi daha çox görünürdük. Görüşlərdə, televiziyada və s. İndi rektorlar universitetlərə şəxsi mülkiyyəti kimi baxır. Görüşlər olmur. Televiziyaya da daha çox millət vəkili kimi çıxıram.

- Bir şeirinizi uşaqlıdan heç unutmuram:

Xoşbəxt ol – söylədin, ayrılaq daha,
Bu sözlər qarğışmı, həsrətmi, qəmmi?
Sənsiz ömür sürüb xoşbəxt olmağa,
Dünyaya təzədən gələcəyəmmi?...


- Bunlar bir silsilə idi. Açığı, ortabab şeirlər hesab edirəm. Bir az Məmməd Arazın "Naməlum qadına məktublar"ının havasını xatırladır. O vaxtdan çox da bəyənmirdim, amma Məmməd Araz xeyli tərifləmişdi.

- Bəlkə, elə əsl şeir onlar idi?

- Belə şeirlər məni doyuzdurmur. Əvvəllər düşünürdüm ki, sosial problemlər qaldırdığım şeirlər problem həll olunandan sonra unudulacaq. Əvvəla, o problemlərin çoxu hələ də aktualdır. İkincisi, məsələn, Mirzə Ələkbər Sabirin qaldırdığı bəzi məsələlər bu gün həllini tapıb, lakin həmin şeirlər gücdən düşməyib.

- Bəzi adamlar düşünür ki, məqalədə və ya nəsrdə deyilə biləcək fikirləri şeirlə ifadə etmək lazım deyil.

- Bu yazarın ruhuyla bağlıdır. Bəzən problem şeirdə daha güclü ifadə olunur. Elə şair var ki, onun ruhu öz şəxsi duyğularına köklənir. Elə şair də var ki, doğuluşdan düşüncəsinin ictimai tərəfi daha ağırdır. Mən şair-yazıçıları millətin taleyindən, cəmiyyətin problemlərindən ayrı təsəvvür etmirəm. Amma, təbii ki, lirika da ciddi ədəbiyyatdır. Bunun hansı daha ciddidi, hansı daha uzunömürlüdü, demək çətindi. Vaqifin "Görmədim" müxəmməsi də yaşayır, aşiqanə qoşmaları da! Füzulinin qəzəlləri də yaşayır, "Salam verdim rüşvət deyildir deyə almadılar" fikri də. Amma o dövrü o qəzəllərdən çox, bu fikirlərlə xarakterizə eləmək olur. Bir misal da deyim: görüşlərdə mən daha çox vətəndaşlıq şeirləri oxuyurdum, Nüsrət Kəsəmənli lirik şeirlər. Onu məndən çox alqışlayırdılar. 80-ci illərdə vəziyyət dəyişdi, məni daha çox alqışlamağa başladılar. Hər dövrün öz ab-havası olur və bu zaman-zaman biri-birini əvəzləyir.

- Nüsrət Kəsəmənlinin adını çəkdiniz... Nüsrət müəllim, siz və Çüngiz Əlioğlu çox yaxın dost olmusuz. Sizə "Üç müşketyor" deyirdilər... Amma Nüsrət müəllimin ömrünün son illərində aranızda bir balaca soyuqluq hiss edirdim.

- Mənnən yox, Çingizlə soyuq idi. Uzun müddət onları barışdırmağa çalışdım...

- Nə üstdə problem yaranmışdı?

- Vallah (gülür), mənasız söhbət idi...

- Qadın söhbəti deyildi ki?

- Qadın da vardı (gülür). O xanım onların bir-birindən inciməyinə dəyməzdi. İncikliyə qədər əfsanəvi dostluğumuz oldu.

- Eşitdiyimə görə, bir dəfə Nüsrət Ramiz Rövşənlə də tutaşmaq istəyib Sabir adına kitabxanada, siz qoymamısız...

- Yox, bu söhbət mənim yanımda olmayıb. Nüsrət dalaşqan adam idi, ancaq belə bir şey xatırlamıram. Ramiz Rövşən sakit və ağıllı gənc idi. Dalaşmazdı kiminləsə... Nüsrət çox davakar idi. Kiminləsə mübahisə edirdim, bir də görürdüm vurub uzatdı. Yaxud, maşınım kiminsə maşınına dəyirdi, mən dönüncə Nüsrət adamı salırdı təpiyinin altına.

- Gürcüstanda məşhur Gəncə qapısına görə də davanız olub bir dəfə...

- Kutaisidə Gəncə qapılarına baxmağa getdik. Gürcü xanım turistlərə deyirdi ki, bizimkilər Gəncəni işğal edəndə bu qapını qənimət kimi gətiriblər. Dözmədim, dedim, elə deyil, o vaxt Gəncədə zəlzələ baş vermiş, şəhər yerlə yeksan olmuşdu. Siz qonşu kimi kömək eləmək əvəzinə, gedib qapını oğurlamısız. Turistlər gülüşdü, qız pərt oldu. Banketdən sonra avtobusda keflənmiş gürcü cavanları mənə sataşdılar. Birini vurdum, dava düşdü. Nüsrətlə kürək-kürəyə verib xeyli vuruşduq (gülür). Onlar çox içmişdilər deyə, yaxşıca çırpdıq. Səhəri ayılanda səhv elədiklərini anladılar və gəlib üzr istədilər. Amma nəticəsi o oldu ki, komsomoldan bu cür görüşlərə getməyimizi qadağan elədilər.

- Axırıncı görüşünüzü necə xatırlayırsız?

- Oğlum zəng elədi ki, xəbərin var, Nüsrət əmi qəzaya düşüb ölüb. Heç nə düşünmədən telefonu alıb Nüsrətin nömrəsini yığdım. Cavab verdi. Dedim, sağsan? Güldü, dedi, sağ olmasam necə cavab verərəm? Dedim, düş evin qabağına, gəlirəm. Görüşdük. Məlum oldu ki, qatar maşınını vurub, xeyli sürüyüb, təsadüfən sağ qalıb. Dedim, gedək sağ qalmağını qeyd edək. Kənd yeməkləri istədi, "Qəbələ" restoranına getdik. Bir az kefimizi düzəldəndən sonra, dedi, tabutumun üstündə nə deyəcəkdinsə, de, sağkən eşidim (gülür). Mən də zarafata salıb bu çıxışı tost kimi elədim. Ölümünə inanmırdım. Elə ağır deyildi. Təbrizdə əməliyyatı uğurlu olmuşdu. Nəsə qəfil vəziyyəti pisləşdi. Çox təəssüf...

- Yuxunuza girir heç?

- Girir, amma təfərrüatı xatırlamıram. Bu yaxınlarda Çingiz Əlioğlunun 70 yaşında da yada saldım onu. Dedim, Nüsrət sağ olsa ən gözəl sözü deyərdi. Biz həqiqətən yaxşı dost olmuşuq.

- Hansınız daha çox pul xərcləyirdiniz?

- Bu, bir az şəxsi məsələdir axı (gülür).

- Deməyə bilərsiz, sadəcə Çingiz Əlioğlunun xəsis olduğunu bilirəm, ona görə soruşdum.

- Deyə bilmərəm (gülür). Ən səxavətlisi mən idim şübhəsiz. İmkanım da yaxşı idi.

- Çingiz Əlioğlu şair kimi necədir?

- Bu yaxınlarda Çingizin kubist şeirlərini, axtarışlarını gördüm, cavanlıqda mənə qəribə gəlirdi bəlkə də, ancaq bunun bir xətt olduğunu bilmək lazımdır.

- Məncə o, həmişə axtarıb elə...

- Şair həmişə axtarışda olmalıdır. Lorka həmişə eksperiment edirdi.

- Çingiz müəllimə texnar demişəm bir dəfə, məndən inciyib...

- Mənim yanımda etirazını bildirdi... Orda idim (gülür).

- Yadınızdadırsa, orda zarafata salıb dedi ki, sizə texnar bir yumruq vurmaq istəyirəm... Sizcə vura bilər məni?

- (Gülür) Çingizin vuran əli var. Sən də, maşallah, bazburutlu oğlansan. Hər halda ehtiyatlı olmağını məsləhət görürəm (yenə gülür). Amma çalışın dalaşmayın... O zarafat edirdi. Sizi çox istəyir.

- Bayaq Gəncə qapısı söhbətini elədiniz. Bəzən yumruq vurmaq qaçılmaz olur. Sizcə ədəbi müzakirələrdə şillə-təpikdən istifadə eləmək olar?

- Olmaz, əlbəttə.



- Siz bir çox dostlarınızdan fərqli olaraq tənqidə dözümlüsüz. Amma müşahidə etmişəm, sizi sərt tənqid eləmirlər. Necə edirsiz ki, belə olur?

- Bizim təhsil və tərbiyə sistemimizdə ən böyük problem budur ki, çox vaxt tərbiyə ilə ələbaxanlığı qarışıq salırıq. Bizdə bağçadan tutmuş ali məktəbəcən bütün fənlərdən yuxarı duran bir fənn var: Qorxu fənni! Biz uşaqlarımıza qorxu öyrədirik. Mən fransız, yapon uşaqlarını görmüşəm... Dağıdırlar ətrafı, sonra sakitləşirlər. Onlara təpinən yoxdur. Bizim uşaqlar gözüqıpıqdır. Məncə, bütün məğlubiyyətlərimizin kökündə bu qorxu amili dayanır. Şəxsiyyət azadlığı vacibdir. Yaltaqlıq və qorxaqlıq bizim milli əxlaqımızı pozan bir şeydir. Təəssüf ki, bu, ədəbiyyata da yol tapıb. Azərbaycan yazıçılarının ən böyük bəlası onların qorxaqlığıdır. Yazıçı ömrünü öz içindəki senzurayla mübarizəyə həsr etməməlidir.

- Azad Yazarlar Ocağında qorxmayan yazarlar var, amma 15 ildi o təşkilatı qeydiyyata almırlar. Qorxmayanda da belə olur...

- Mənim eş başqanı olduğum Dünya Azərbaycanlıları Konqresi də Azərbaycanda qeydiyyatdan keçməyib. Məncə, bu o qədər də vacib deyil.

- Ölüm fitvanızın axırı necə oldu? Eşitdim bir az qorxmusunuz... Səhərlər idmana getmirsiz...

- Hökmü səsləndirənlər həbs olunandan iki-üç gün sonra qardaşım və dayımla Nardarana getdik. Məscidə girdim, ağsaqqallarla söhbət elədim. Orda çox dəyərli insanlar var və biri-birimizi çox rahat başa düşdük. Gördülər ki, mən özünü əsl azərbaycanlı sayan insanlarla heç vaxt düşmən ola bilmərəm. Kəndə də ona görə getdim ki, görsünlər, camaatla heç bir problemim yoxdur. Tutulanlarla bağlı nə şikayət vermişdim, nə də buraxılmaları üçün xahiş etdim. Dedim, qoy, qanunda necədirsə, o cür də tədbir görülsün.

- Rafiq Tağını öldürdülər amma... Ona da fitva verilmişdi... Bu xəbəri eşidəndə nə hiss keçirdiniz?

- Hərənin öz taleyi var. Rafiq Tağıya görə çox üzüldüm.

- Qatili də tapılmadı...

- Tapılmadı, təəssüf...

- İnciməyin, bu işin mənəvi məsuliyyəti bir az da sizin üstünüzə düşür. Şair, publisist, millət vəkili, partiya sədri, bunlardan ötə bir ziyalı, bir vətəndaş kimi...

- Son 25 ildə Azərbaycanda baş verən bütün hadisələrə görə mənəvi məsuliyyət daşıdığımı bilirəm. Dəfələrlə xalqın qınağını da eşitmişəm. Amma inanın, əlimdən gəldiyi qədər çalışmışam həmişə.

- Sabir müəllim, siz uzun müddət mətbuat, kitab və nəşriyyat sahəsində yüksək vəzifələrdə olmusunuz. Bu gün isə Azərbaycan kitabı yaxşı vəziyyətdə deyil. Niyə belə oldu? Siz nəyi edə bilmədiniz, yaxud etmədiniz?

- Bəlkə də mənim səhvim oldu ki, Mədəniyyət və İnformasiya Nazirliyini millət vəkilliyinə qurban verdim. Ovaxtkı rəhbərlikdən də mənə dedilər, səni çıxardan yoxdu, niyə gedirsən? Mən hesab edirəm ki, bu gün, nazirlik olmasa da, Mətbuat və İnformasiya Komitəsini bərpa etmək lazımdı. Ölkəyə gələn və ölkədə olan informasiyanı bir mərkəzə toplamaq vacibdir. Bildiyiniz kimi, kitab da bu informasiya şəbəkəsinə daxildi. Xüsusən, Qarabağla bağlı informasiyalar çox dağınıqdı. Misal üçün, Qarabağla bağlı son 20 ildəki informasiyanı bir yerə yığmaq istəsək, nə alınacaq? Hardan tapacağıq bu məlumatları? İnformasiya müharibəsi aparan bir ölkəyə bu hava və su kimi lazımdı. Qeyri hökumət təşkilatları və Mətbuat Şurasının işi başqadı.

- Mədəniyyət və Turizm Nazirliyində müvafiq şöbə var...

- Şöbə komitəni əvəz edə bilməz. Mənim bir məqaləm vardı: kitabsız mədəniyyət, mədəniyyətsiz dövlət ola bilməz. Bu belədir. Nazirlik ildə 70-80 kitab buraxır. Onların tirajı da o qədər böyük deyil. Lap deyək ki, bütün kitabxanalara göndərilir. Ölkədə 4 mindən artıq kitabxana var. Bu aşağı tirajlı 70-80 kitabla o kitabxanalara nə vermək olar? Halbuki, indi ölkədə ildə 2 mindən artıq kitab buraxılır. Əvvəlki kimi deyil. Bu kitabların ən azı yarısı rayon kitabxanalarına getməlidir. Kitab ticarəti sistemi tamamilə ləğv olunub. Halbuki mənim vaxtımda bir dənə də kitab dükanı satılmamışdı. Kitablar o mağazalardan küçələrə töküldü, sonra Bakı şəhər İcra Hakimiyyəti küçələrdən də yığışdırdı. Sanki bu ölkədə kitabın qəsdinə duran xüsusi qrup var.

- Dövlət daha çox dəstək olmalıdır kitaba...

- Dövlət nə lazımdırsa edir. Latın qrafikasına görə o qədər vəsait ayrıldı. İşin birinci hissəsi görülüb. Amma nəzərə almaq lazımdır ki, bölgələrimizdə kitab dükanları yoxdur. Kitab dükanı yoxdursa, çap olunanlar gedib oxucuya çatmır. Deyirlər, bazar iqtisadiyyatıdı, gərək tələb olsun. Bu məsələ tale yüklü məsələdir və hökmən dövlətin nəzarətində olmalıdır. Rayonlarda o qədər tikintilər gedir, abadlaşma işləri aparılır, o qədər pullar xərclənir, olmazmı ki, onun cüzi bir hissəsinə hər rayonda yaxşı bir kitab evi də tikilsin? 10-15 min əhalisi olan kəndlərimiz var, doğrudanmı bu kəndlərdə bir nəfər də olsun kitab oxumaq istəyən yoxdur? Əlbəttə var. Onlar kitab almaq üçün kənddən durub Bakıya gələsi deyillər axı. Vaxtı ilə kolxozlarda işçilərin əmək haqlarından kəsib onlara kitab verirdilər. Əvvəl camaat narazılıq eləyirdi, amma sonra özləri kitab almağa, oxumağa başladılar, kitab yubananda şikayətləndilər. Kim deyir ki, Azərbaycan xalqı oxuyan xalq deyil, səhv edir. Kitabı verəsən ki, oxusun də! Biz kitabı alıcıya təklif etdik ki, almasın? Bizim kənddə "Qanun" nəşriyyatı balaca bir kitabxana açıb. Adamların əksəriyyəti o kitabxanaya abunədir. Baxırsan, heç ağlına gəlməyən adamlar gəlib kitab alır, oxuyur, sonra da geri qaytarır. Kitab getməlidir rayonlara, camaata çatmalıdır. Bizim xalqın əsas oxuyan hissəsi kənddə yaşayır. Bakının yarısı bu gün də hələ rus dilində danışır. Başqa bir məsələ də var, yeri gəlmişkən deyim. Bu ədəbiyyat söhbəti deyil, amma elə həm də ədəbiyyat söhbətidir. Azərbaycandan Rusiyada, Türkiyədə işləyən minlərlə, on minlərlə adam var. Bunların uşaqları orda qeydiyyatda deyillər və məktəbə gedə bilmirlər. Beləliklə, on minlərlə azərbaycanlı uşağı təhsildən kənarda qalır. Rus-türk məktəblərinə də gedə bilmir. Bu uşaqlar bədbəxt olur. Bunu düşünən yoxdur. Bu bir faciədir. İldən-ilə cahillik, savadsızlıq artacaq, ardınca siyasiləşmiş din oturacaq bunların beynində və irsimizdən, mədəniyyətimizdən xəbərsiz bir nəsil çıxacaq ortalığa.

- Yeni nəsil yazarları izləyirsiniz... Hətta yazılar da yazırsınız...

- İmkanım daxilində izləyirəm.

- Sizi nədənsə çox az tənqid edirlər... Bunun sirri nədir?

- Mən gənclərə hücum, təzyiq, üstdən aşağı baxmaq meylinin qəti əleyhinəyəm. Bunlar bizim uşaqlarımızdı. Biz özümüz də belə olmuşuq. Yadımdadı, mən Natəvan klubunda yaşlı yazarlara deyirdim, o böyük "çap listləri"nizdən balaca bir hissə də verin cavanlar çap olunsun. Hətta məni inkar edən, qəbul eləməyən gənclərə də öz övladım kimi baxıram. Onlar bizim qulumuz olmalı deyil ki! "Yazıçı" nəşriyyatında işləyəndə cavanlar ilk kitabları üçün mənim yanıma gəlirdilər. Bəziləri qapını döyüb əyilə-əyilə girirdi içəri. Deyirdim, çıx, qapını kişi kimi aç, şax gəl mənim yanıma. Şeirin yaxşıdırsa, çap edəcəm, pisdirsə, on dəfə də əyilsən xeyri yoxdu. İnsan da, millət də assimilyasiyaya meylli olmamalıdır. Bu mənada cavanların əyilməsinə, əriməsinə imkan vermək olmaz. Elə gənclər var, 90-cı illərdə doğulub. Onlar heç bilmirlər ki, 88-ci ildə Meydan hadisələri olub, Sabir Rüstəmxanlı boynuna kəfən geyib, çıxıb meydana, 18 gün ara vermədən danışıb. Onların çoxu mənə böyük şöhrət gətirən, qızlara cehiz kimi verilən "Ömür kitabı"nı oxumayıb. Hətta şairliyimi də unudublar, məni sadəcə bir millət vəkili, partiya rəhbəri kimi tanıyırlar. Amma bu o demək deyil ki, onlara qarşı aqressiv olmalıyam.

- Kompüteriniz yoxdur... İnternetə girmirsiniz?

- Evdə kompüterim var, internetə də girirəm.

- Facebook səhifənizi özünüz idarə edirsiniz?

- Facebooka vaxtım olmur, ancaq saytları izləyirəm. Gənclərin elmi axtarışlarından tutmuş esse, şeir və hekayələrinə qədər bütün fəaliyyətlərini izləməyə çalışıram. Təbii ki, hamısını oxumağa vaxtım çatmır, amma çalışıram. Kitabları adətən mənə veriləndə oxuyuram. Məsələn, Seymur Baycan kitabını göndərmişdi, oxudum, xoşuma gəldi, yazı da yazdım. Bir sıra cavanlar var ki, onlardan da yazmaq istəyərdim, ancaq, ümumi mənzərəni tam görmədən yazmaq istəmirəm. İmkan düşdükcə, cavanları həmişə müdafiə eləmişəm. Çünki, yenə deyirəm, o yolu biz də keçmişik. Bunlar bizi ittiham edirsə, deməli, haqqı var. Haqqı var ona görə ki, biz də eləmişik. Mən özüm Mirzə İbrahimovu ittiham edirdim ki, niyə o şərtlər altında Təbrizə getmisən, niyə Azərbaycan dili ilə bağlı hələ də çoxlu problemlər var və s. Amma zaman keçdikcə dərk elədim ki, bu problemlərin bir çoxu Mirzə müəllimlə bağlı deyil.

- Problemli vətən miras qoyursan, gənclik də ittiham edir... Məncə də, təbiidir...

- Elədir. Mən həm də gəncliyin faciəsini görürəm. Çoxuna gənc deyə-deyə 50 yaşa çatdırmışıq. Böyük iddialarla gələn gənclər çox oldu, çox təəssüf ki, iddiaları doğrulmadı. Ortada ciddi bir əsər yoxdu hələ. Onlar didişən, öz içində özünü məhv eləməyə hazır olan, ədəbi nəsilləri arasında sevgi olmayan bir mühitdə yaşamağa, yazmağa məcbur qaldılar. Evi yoxdu, ailə qurmaq imkanı yoxdu, qazancı yoxdu və s. Mən buna da yanıram və yanıram ki, biz bu nəsli itiririk. Özümüz də çox şey itirdik, indiki nəsil də itirir. Ona görə mən onları necə ittiham edərəm? Onların hansı sözünə cavab verə bilərəm? Və niyə verməliyəm? Sadəcə arzulayardım ki, cavanlar yaşlılara anlayışla, onlar cavanlara səbirlə yanaşsınlar. Qarşılıqlı təhqirlərə ehtiyac yoxdu, yaşlıların cavanlara cavabına isə heç ehtiyac yoxdu.

- Azərbaycan Yazıçılar Birliyi ilə aranız necədir?

- Əlbəttə, Yazıçılar Birliyində çatışmayan işlər çoxdur. Bu barədə qurultayda da çıxış etdim, deyə bilmədiklərimi sonralar yazdım. Oljes Süleymenov Moskva qəzetlərinin birinə deyib ki, Qazaxıstanın Yazıçılar Birliyinin 700 üzvü var. Ancaq bizdə 2 mindən artıqdır.

- Burda absurd görmürsünüz? Üç yüz-dörd yüz yazıçı bir zala yığılıb hamı bir nəfər kimi 30 illik sədrə təzədən səs verir. Etiraz edən, bitərəf qalan, hətta tərəddüd edən yoxdur. Adam necə bu qədər birrəng ola bilər? Allah, peyğəmbərlər belə bu qədər birmənalı qəbul olunmur. Hər bir yazıçı ayrıca bir dünya, ayrıca bir fikir deməkdir. Bu qədər kolxozlaşmaq necə mümkün olur? Özü də ilin-günün bu vaxtı: plüralizm, demokratiya dövründə...

- O ədəbi orqanların qorunması böyük işdir.

- Yaxşı çıxmır axı... Siz, məsələn, "Ədəbiyyat qəzeti"ni oxuyursuz?

- Oxuyuram. Azər Turan Elçin Hüseynbəylidən daha yaxşı çıxarır. Özümüz, düşüncəmiz, cəmiyyətimiz nədirsə, qəzetimiz də odur. Başqa planetdən yazı göndərəsi deyillər ki! On il əvvəl Anara demişdim ki, getsən, hətta sədrliyə namizədliyimi də verərəm.

- O da getmədi...

- Getmək istəmir, qoy işləsin də (gülür). Bir halda ki, azad cəmiyyətik, başqa birliklər yaratmaq olar, demək, bu məsələni problemə çevirmək lazım deyil. Məsələn, "Alatoran" var, "Çölçülər" var... Heç kimin əl-qolunu bağlamırlar ki, get AYB-yə üzv ol. AYB-yə üzv olmaq adama nə verir ki?

- Lazım olanlara verir...

- Eləmi... Böyük ölçülərlə yanaşanda mən hər şeydə yenliyin tərəfdarıyam. Dəyişiklik olmasa, inkişaf da olmaz.

- Yeniliyin və dəyişikliyin tərəfindəsiniz, amma hər qurultayda gedib Anara səs verirsiniz.

- (Gülür) Görünür dostlarıma qarşı zəifliyim var.
Bağla X