19:16
(077) 610-22-33

İranda 7 azərbaycanlı fəal həbs edildi

  • >
265 27 Fevral 2013 14:12 | Region

İranda 7 azərbaycanlı fəal həbs olunub. APA-nın "Oyanews"a istinadən məlumatına görə, həbslər fevralın 26-da Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində Təbrizin "Səhənd" stadionunda yerli "Traktor" komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Əl-cəzirə" klubu arasında keçirilmiş görüşdən sonra həyata keçirilib.

Hazırda onlardan ikisi azadlığa buraxılıb. Ancaq 5 nəfər hələ də təcridxanadadır. Bunlar Siyamək İrani (Şəbüstər), Siyamək Seyfi (Xiyav, Meşkinşəhr), Musa Sudi (Binab Universitetinin tələbəsi), Cəfər Rüstəmirad (Mühəqqiq Ərdəbili Universitetinin tələbəsi) və 34 yaşlı Məhəmmədəli İsmayılpurdur (Əhərin Vicin kəndi). Həbs edilənlərin sayının çox olduğu bildirilir. Hazırda digər tutulmuş azərbaycanlı fəalların adları dəqiqləşdirilir.

Qeyd edək ki, "Traktor"un "Əl-cəzirə"ni 3:1 hesabı ilə məğlub etməsi İranın Azərbaycan vilayətlərində və azərbaycanlılar yaşayan digər şəhərlərdə əhali tərəfindən böyük coşqu ilə qeyd edilib. 100 mindən çox azarkeş 72 min nəfərlik stadionu dolduraraq 90 dəqiqə boyunca "Yaşasın Azərbaycan!", Azərbaycan var olsun, istəməyən kor olsun!", "Türk dilində mədrəsə!" şüarları səsləndirib, ingilis dilində "South Azerbaijan is not İran!" və "1992 Khojali Genocide" pankartlarını qaldırıblar. Stadiona gedə bilməyən azarkeşlər bazarlarda, dükan və emalatxanalarda oyunu televizordan izləyiblər. "Traktor"un qələbəsi ilə sona çatan oyun bitən kimi on minlərlə azərbaycanlı azarkeş küçələrə axışaraq Azərbaycan xalq mahnılarının sədaları altında rəqs ediblər. Hətta avtomobil yollarında nəqliyyat dayandırılıb, Təbriz küçələri "Traktor" bayraqları ilə bəzədilib.

Bundan əlavə, azərbaycanlı azarkeşlər İranın Ermənistanla əlaqələrini genişləndirməsini kəskin şəkildə pisləyib, buna etiraz olaraq ərəb qrafikalı əski Azərbaycan əlifbasında "Qarabağ bizimdir, bizim olacaq!" şüarı yazılmış pankart və şüarlar qaldırıblar. Nəticədə İran təhlükəsizlik qüvvələri aksiyaya müdaxilə edərək zor tətbiq edib.

AzNews.az
Bağla X