23:36
(077) 610-22-33

Fazil Mustafa: “Milyarderlər ittifaqına” daxil olanlar faydasız insanlar deyillər” - MÜSAHİBƏ

  • >
1 278 3 Dekabr 2012 17:54 | Siyasət

(Müsahibənin əvvəli bu linkdə: http://www.aznews.az/news.php?id=11900#.ULzLrSDj5Ig )

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın AzNews.az-a müsahibəsi

- Son ayların ən çox müzakirəsinə çevrilən azərbaycanlı milyonçuların Rusiyada yaratdıqları təşkilatı siz necə xarakterizə edərdiniz?

-Bu məsələdə bir neçə faktoru ayırmaq lazımdır. Rusiyada yaradılan qurumun üzvləri heç də cəmiyyət üçün faydasız insanlar deyillər. Bu adamlar, yararsız, faydasız olsaydılar Azərbaycan hakimiyyəti başqalarının buraxılmadığı bu qədər biznes sahələrini onlara etibar etməzdi. Sual oluna bilər ki, bu insanlar dünənə kimi yaxşıydılar bu gün pisdilər? Amma burada bir başqa məqam ortaya çıxır ki, "milyarderlər ittifaqı"nın yaranması birbaşa Rusiya hakimiyyət orqanlarının diqtəsi və tələbi prosesidir. Bunu gizlətmək olmaz.

- Bunu hansısa arqumentlərlə əsaslandırmaq olar?

- Əsas arqument odur ki, bu adamlar ayrı-ayrılıqda hakimiyyətin ən yaxın adamlarıdır. Kimisinə orden, kimisinə böyük biznes sahələri həvalə edilib, bəzilərinə xüsusi imtiyazlar tanınıb. Birdən-birə əgər hakimiyyət bu addımdan narazı qalırsa, deməli onlar hakimiyyətlə məsləhətləşmədən Rusiyanın planı ilə razılaşmağa məcbur qalıblar. Onların Azərbaycandakı bizneslərini itirmək təhlükəsi var. Görün bunlar nə səviyyədə məcbur qalıblar ki, Azərbaycan hakimiyyəti ilə heç bir razılaşma olmadan belə bir addım atıblar. Amma bu adamların o dərəcədə üzərinə gedilməsini doğru hesab etmirəm. Bu gün Rüstəm İbrahimbəyov ən çox tənqid olunan insanlardan biridir. Mən təyyarə ilə Moskvaya gedəndə "Azal"ın təqdim etdiyi bütün filmlərin 80 faizi Rüstəm İbrahimbəyovun idi. Bu adam brenddir. Bu brendi bir var söyəsən, bir də var dinləyəsən. Kim dinlədi ki, sonra da desin ki, nəyisə yanlış dedi.

- Mövcud siyasi münasibətləri dəyişmək baxımından 10-12 il əvvəl radikal mövqeli müəyyən şəxslər olaraq fərqli yol seçdiniz və elə həmin gündən də bir vaxtlar eyni düşərgədə olduqlarınızın ciddi tənqidlərinə məruz qaldınız. Hakimiyyətin də konstruktiv mövqeyinizi qiymətləndirdiyi görünmür...

- Hakimiyyətdə özünəvurğunluq yaranıb. Hesab edirlər ki, 20 ildir belə idarə edirlər və imkan olsa 100 il də indən sonra bunu davam etdirə bilərlər. Zaman, şərait bunlara təsir edə bilməz, fırtına, zəlzələ üslubu dəyişə bilməz. Belə bir dünyagörüş uzun müddət hakimiyyətdə oturanda adamlara sirayət edir. Amma yaxın çevrəmizdə baş verənlər bizə göstərir ki, bizim kimi kiçik dövlətlər hələ özünü güclü saya bilməz. Fikir verin, Rusiyada əsən kiçik bir rüzgar Azərbaycanda necə narahatlıq yaradır. Bu gün Azərbaycanın nə işgaldan sığortalanması var, nə daxili Qarabağ problemini öz hesabına həll edəcək gücə sahibdir və indiyə kimi də ABŞ, Rusiya, Fransanın qapısında boyun büküb durmuşuq. Biz özümüz bunları həll edə bilmiriksə, hakimiyyət və digər məsələləri özümüz həll edirik kimi göstərməyin mənası yoxdur. Sabah bizə istənilən problemi yaradan qüvvələr var. Bizim tək gücümüz daxili birliyimizdə, daxili uzlaşmamızdadır. Problem ondadır ki, iqtidara radikal müxalifət olanlar da eyni düşünür. Onlar da elə hesab edirlər ki, kimsə hakimiyyəti əvvəl-axır xonçada gətirib verəcək.

Gültəkin Qəhrəmanlı
AzNews.az
Bağla X