08:36
(077) 610-22-33

Müharibə realdırmı?

  • >
403 11 Fevral 2013 10:01 | Siyasət


Elxan Şahinoğlu
Cəbhə bölgəsində hər dəfə atəşkəsin pozulması halları artdıqca, gündəmə "müharibə başlaya bilərmi" sualı gəlir. Həqiqətən vəziyyət kövrəkdir.
Qarabağda müharibəyə istənilən qığılcım rəvac verə bilər. Məsələn, Ermənistan Kremlin təhriki ilə Xocalı hava limanının açılmasında israrlı olsa və bir gün təyyarə İrəvandan Dağlıq Qarabağa istiqamət alsa, bunun özü bölgədə toqquşmalarla müşahidə olunan gərginliyə gətirib çıxaracaq. Ancaq, indiki şəraitdə müharibədə nə Azərbaycan, nə də Ermənistan maraqlıdır. Çünki, hər iki tərəf anlayır ki, növbəti müharibə hər iki dövləti və elə hər iki hakimiyyəti gücsüz vəziyyətə sala bilər.
Ehtimal edilən müharibədə qalibin kim olacağını da söyləmək çətindir. Tutaq ki, biz Qarabağda hücuma keçsək, Ermənistan da bizi sərhədin bütün istiqaməti boyu Qazax və ya Tovuz tərəfdən intensiv atəş altında saxlaya bilər. Bunun cavabında da biz tək Qarabağda deyil, bütün sərhəd zolağı boyu savaşa başlamaq məcburiyyətində qalacağıq. Başqa sözlə Azərbaycan artileriyası və ya havaya qalxan hərbi təyyarələri Ermənistan məntəqələrini də neytrallaşdırmağa çalışacaq. İrəvana da elə bu lazımdır. Çünki, bu halda Ermənistan-Rusiya hərbi anlaşmalarına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının şərtlərinə görə, Moskva müttəfiqinin müdafiəsinə qalxacaq. Hətta Azərbaycan ordusu mümkün Qarabağ savaşında nə qədər Ermənistanı hədəf almamağa çalışsa da, Moskva separatçılara açıq və gizli dəstəyini əsirgəməyəcək. Günü bu gün Rusiya Ermənistan üzərindən Qarabağa silah və sursat daşıyır. Ayrıca, Rusiya Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Gorus şəhəri üzərindən Dağlıq Qarabağın hava sahəsini də nəzarətə götürüb. Yəni anlamalıyıq ki, biz Ermənistanla deyil, Ermənistan+Rusiya cütlüyü ilə savaşmaq məcburiyyətində qala bilərik. Ona görə də, Azərbaycan üçün savaş qərarı vermək elə də asan deyil.
Digər tərəfdən bölgədə İran amili var. Tehran beynəlxalq aləmin diqqətini özünün nüvə çalışmalarından yayındırmaq üçün qonşuluğunda başlanan savaşda maraqlı ola bilər. Tehran bununla iki məqsədinə çata bilər. Birinci, diqqət yayındığından nüvə çalışmalarını sürətləndirəcək və demək savaşın uzanmasında maraqlı olacaq, ikincisi, yumşaq desək rəqib saydığı Azərbaycanı zəiflətmək üçün əlindən gələni edəcək. Beləliklə, müharibə vasitəsilə Azərbaycanı zəiflətmək planlarında Kremllə Tehranın maraqları üst-üstə düşəcək.
Mümkün müharibə Türkiyəni fəal surətdə Azərbaycanın müdafiəsinə sövq edəcək. Ankara Moskva ilə normal münasibətlərinə rəğmən, Rusiyanın Azərbaycana qarşı Ermənistana dəstəkdən vaz keçməyə çağıracaq, bu alınmadıqda isə Azərbaycana hərbi dəstəyini artıracaq. Müharibə ssenarisi hətta rəsmi Bakını Ankara ilə İrəvan-Moskva anlaşmalarına bənzər hərbi əməkdaşlıq sazişləri imzalamağa məcbur edə bilər. Əslində bu tip anlaşmaların imzalanmasını müharibə ssenarilərini gözləmədən də həyata keçirmək mümkündür, çünki sonra vaxt çatmaya da bilər. O ki qaldı, Qərbə, Vaşinqton və Brüsseli Azərbaycanın ərazi bütövlüyü deyil, həmişə olduğu kimi enerji resurslarının təhlükəsiz istismarı və nəqli məsələləri maraqlandıracaq. Doğrudur, Qərb Moskva və Tehranın müharibə yoluyla Azərbaycanın zəiflədilməsi planlarına da seyrçi qalmaya bilər, ancaq Vaşinqtonla Brüssel enerjilərini Azərbaycanın maraqlarının, o cümlədən torpaq bütövlüyünün təminatına da xərcləyən deyillər. Gürcüstan Qərbə Azərbaycandan da yaxın idi. Sonu nə oldu? Rusiya Gürcüstanı parçaladı, qoşun hissələrini Cənubi Osetiya və Abxaziyaya yeritdi, bu iki separatçı bölgəni rəsmən tanıdı, Qərbin tükü də tərpənmədi. Qərb dost adlandırdığı Mixail Saakaşvilinin aşağılanmasına göz yumdu.
Əlbəttə, bütün bunlar o demək deyil ki, Azərbaycan üçün müharibədə uduşlu variant yoxdur. Əgər Azərbaycan ordusu ildırımsürətli hərbi əməliyyatlar keçirib, Dağlıq Qarabağa bitişik Ağdam və digər rayonların azad olunmasına nail olsa, həm Ermənistan danışıqlarda geri addım atar, həm də Qərb İrəvanı təcili sülhə məcbur edə bilər. Ancaq bu yerdə yenə Moskvanın təxribatçı planları öz rolunu oynayacaq. Məsələ burasındadır ki, Kreml Ermənistanın Azərbaycana məğlub olmasına və hər hansı güzəşt sazişinə, o cümlədən Dağlıq Qarabağın tamamən Azərbaycanın nəzarəti altına keçməsini asanlıqla həzm etməz. Əks halda bölgədə formalaşacaq sülh Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin nizamlanmasına, nəticədə Moskvanın Cənubi Qafqazdakı yeganə forpostunun, yəni Ermənistanın itirilməsinə yol açacaq. Kreml Ermənistanı itirməmək üçün bölgədə aqressiv siyasətini davam etdirəcək.
Bağla X