03:35
(077) 610-22-33

Bosniya və Herseqovinanın parlamentində Azərbaycanla bağlı qətnamə

  • >
208 26 Fevral 2013 20:55 | Siyasət

Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasının (yuxarı palata) 21 il öncə qanlı Xocalı soyqırımının baş verdiyi gün - 26 fevral 2013-cü il tarixli iclasında mütləq səs çoxluğu ilə Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair rəsmi sənəd - "Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması"na dair qətnamə qəbul olunub.




Azərbaycan respublikasının Bosnıya və Herseqovinadakı diplomatik nümayəndəliyinin məlumatında qeyd olunub ki, qeyd olunan qətnamə Bosniya və Herseqovina parlamentinin tarixində qəbul olunan ilk bu qəbildən olan sənəddir.

"Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi və hörmət olunması"na dair qətnamədə aşağıdakı müddəalar əksini tapıb:

BMT Nizamnaməsinin məqsəd və prinsiplərini, beynəlxalq hüququn norma və prinsiplərini əldə rəhbər tutaraq, Xalqlar Palatasının deputatları:

- Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını təsdiqləyirlər və dəstəklərini ifadə edirlər.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bütün tövsiyə, qətnamə və bəyannamələrin, xüsusilə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin (822, 853, 874 və 884 saylı qətnamələr) yerinə yetirilməsinə, eləcə də bütün erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına çağırırlar.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı, xüsusilə Xocalı şəhərində dinc əhalinin milli və etnik zəmində kütləvi qırğınını bəşəriyyət əleyhinə cinayət və xalqların dinc birgə yaşamasına təhlükə olaraq pisləyirlər və münaqişənin qurbanları, onların ailələrinin kədərinə tam şərik çıxırlar.

- Azərbaycan Respublikasının regional və beynəlxalq təhlükəsizliyə yönəlmiş təhdidlərin aradan qaldırılmasına zəmin yaradılması məqsədilə bütövlükdə öz ərazisi üzərində suverenliyinin bərpa olunması istiqamətində səylərini alqışlayırlar.

- Regionda möhkəm sülhün və sabitliyin bərqərar olması məqsədilə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh prosesinin sürətləndirilməsinin vacibliyini xatırladırlar.

- hökumət və qeyri-hökumət qurumlarının iştirakı ilə yuxarıda göstərilən münaqişənin sülh yolu ilə həllinə nail olunmasına töhfə verən beynəlxalq təşkilatların səylərini dəstəkləyirlər və qanunun aliliyi, demokratiya, insan haqları və təməl azadlıqların universal sisteminə tam dəstəklərini ifadə edirlər.

Azərbaycan respublikasının Bosnıya və Herseqovinadakı diplomatik nümayəndəliyinin məlumatında qeyd olunub ki, Avropanın mərkəzində yerləşən, 1992-1995-ci illərdə qanlı müharibəyə səhnə olmuş, BMT və Haaqa tribunalı tərəfindən soyqırım kimi rəsmən tanınan Srebrenitsa faciəsinin yaşandığı bir dövlət olaraq, 3 millətli (boşnak, serb və xorvat) Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasında Xocalı soyqırımını tanıyan qətnamənin qəbul edilməsi, heç şübhəsiz ki, öz növbəsində dünyada və Avropada ümumi ictimai rəyin formalaşmasında və digər ölkələrin parlamentləri tərəfindən bu qəbildən olan addımların atılması istiqamətində mühüm rol oynayacaq.

Diplomatik nümayəndəliyin məlumatında qeyd olunub ki, Azərbaycan həqiqətləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağır nəticələri, Xocalı soyqırımının təbliği və tanınması istiqamətində işlərin aparılması bundan sonra da qətiyyətlə davam etdiriləcək.
Bağla X