04:09
(077) 610-22-33

Maliyyə Nazirliyi Milli Məclisdə tənqid olundu

  • >
400 27 Fevral 2013 12:08 | Siyasət

"Bu sənədlə bağlı Maliyyə Nazirliyi bizə hesabat verməlidir"



Milli Məclisdə keçirilən komitə iclasında Maliyyə Nazirliyi tənqid olunub.APA-nın məlumatına görə, bu gün Sosial siyasət komitəsinin iclasında "Uşaqların icbari dispanserizasiyası" haqqında qanunun ikinci oxunuşda müzakirəsi zamanı layihə ilə bağlı Maliyyə Nazirliyindən hesabat tələb olunub.

İclasda nazirlik nümayəndələrinin layihənin müzakirəsinə qatılmamasına görə də tənqid olunub. Deputat Musa Quliyev bildirib ki, bu böyük tutumlu yeni qanunun qəbulu və tətbiqi ilə bağlı Maliyyə Nazirliyi hesabat verməlidir: "Təəssüf ki, layihənin müzakirəsinə qatılmırlar. Onlar bu böyük layihəyə nə qədər vəsait ayrılması ilə bağlı hesabat verməlidirlər. Əgər lazımi səviyyədə vəsait ayrılmayacaqsa, o zaman bu sənəd də işlək olmayacaq. Sonda Maliyyə Nazirliyi deyəcək ki, bu qədər vəsaitimiz var, çatmır və sair. Bu layihə ciddi məsələdir, çünki Azərbaycan prezidenti də daim uşaqların böyüməsi və sağlamlığı üçün ciddi diqqət ayırdığını bildirib. Amma Maliyyə Nazirliyi əsas məsələ olan maliyyə tutumu ilə bağlı hesabat hələ ki vermir. Odur ki, bunun maliyyə tutumu dəqiq müəyyənləşdirilməlidir".

Komitə sədri Hadı Rəcəbli isə bildirib ki, layihə ilə bağlı Maliyyə Nazirliyinin məsələyə məsul müavinini iki gün axtarsa da, tapa bilmir: "Nəhayət, birinci müavinlə danışdım və o da söz verdi ki, həmin məsul müavinlə biz danışa biləcəyik". H.Rəcəbli əlavə edib ki, Azərbaycan prezidenti sənədin nə qədər böyük maliyyə tutumundan asılı olmayaraq, onun qəbul edilməsinə və tətbiqinə tərəfdardır: "Dövlət başçısı uşaqların sağlam böyüməsi üçün lazımi qədər vəsait ayırmağa hazırdır. Ona görə də bu sənədlə bağlı Maliyyə Nazirliyi bizə hesabat verməlidir. Çünki bu sənəd 3 milyona yaxın uşaq və yeniyetmələri əhatə edəcək". Çıxış edən deputatlar da sənədin ciddi maliyyə tutumuna ehtiyac olduğunu və nazirliyin buna ciddi diqqət ayırmasına ehtiyac olduğunu bildiriblər.

Qeyd edək ki, "Uşaqların icbari dispanserizasiyası" haqqında qanun Azərbaycanda uşaqların ildə bir dəfə icbari həkim yoxlanışından keçməsini təmin edəcək.

AzNews.az
Bağla X