11:40
(077) 610-22-33

“Milli Şura xalqla təmas qura bilməyəcək”

  • >
161 7 May 2013 09:23 | Siyasət

"Milli Şura xalqla təmas qura bilməyəcək. Onların heç bir ciddi elektoral gücü yoxdur". Bu sözləri AZNEWS.AZ-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, məhz bu səbəbdən də seçki ilində müxalifətin Milli Şuranın yaranması ilə bağlı danışıq aparan kəsimi xalqı aktiv siyasi həyata cəlb edə bilməyəcək.

Politoloq deyib ki, Milli Şuranın bu ayın sonuna kimi yaradılacağı ilə bağlı deyilənlər də inandırıcı deyil: "Milli Şuranı təsis etmək istəyən şəxslər ötən aylarda da deyirdilər ki, MŞ-nı mayın əvvələrində elan edəcəklər. İndi də deyirlər, mayın sonuna qədər açıqlayacaqlar. Mən inanmıram ki, Milli Şuranın yaranması bu ayın sonuna qədər yekunlaşa".

Q.Hüseynlinin sözlərinə görə, Milli Şura təsis edilsə belə, bu, çox natamam bir qurum olacaq və müxalifətin geniş birliyini özündə əks etdirməyəcək: "Hazırda Rəsul Quliyev Milli Şura ilə bağlı heç bir münasibət bildirmir, deməli onun partiyası bu qurumdan uzaq qalacaq. Anladığım qədərilə, Mirmahmud Mirəlioğlu da Milli Şura ilə bağlı birmənalı mövqedə deyil. Yəni, bu qurum təsis edilsə belə, müxalifətin çox kiçik bir hissəsini əhatə edəcək".

Politoloqun fikrincə, ölkədə rəsmi qeydiyyatdan keçən 50-dən çox partiya olduğu halda, Milli Şurada bunlardan yalnız iki qeydiyyatdan keçmiş – AXCP və Müsavat – bir də qeydiyyatsız – EL Hərəkatının olması onu deməyə əsas verir ki, bu qurum təsis edilsə belə, İctimai Palata formatından o tərəfə keçə bilməyəcək:

"Müxalifətin geniş birliyini yaratmaq təşəbbüsü ilə çıxış edən Hacıbaba Əzimovu allatdılar. Ötən gün müsahibəsində bildirib ki, İsa Qəmbərin də daxil olduğu siyasilərlə geniş birlik ətrafında danışıq aparsalar da, sonradan bəlli olub ki, həmin adamlar onunla birlik danışıqları apardıqları halda, Milli Şuranın da təsis edilməsi ilə bağlı danışıqlar aparırmışlar".

Q.Hüseynli sonda qeyd edib ki, Milli Şurada təmsil olunacaq qüvvələrin aktiv siyasi qüvvəsi olmadığı və qeyri-siyasi kəsimi də aktivləşdirməyi bacarmadığı üçün seçki ilində bu birliyin hakimiyyət namizədinə güc göstərəcəyi inandırıcı görünmür.

Anar
AzNews.az

Bağla X