19:01
(077) 610-22-33

Əli Həsənov Qarabağdan danışdı

  • >
648 7 Avqust 2012 14:07 | Siyasət

Əli Həsənov: "İşğal altındakı ərazilər azad edildikdən sonra orada genişmiqyaslı bərpa işləri aparılmalıdır"



Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Dünya Bankının Cənubi Qafqaz üzrə yeni təyin olunmuş regional direktoru Henri Kerali ilə görüşüb. Komitədən AzNews.az-a verilən məlumata görə, Ə.Həsənov H.Keralini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, Azərbaycan hökuməti ilə Dünya Bankı arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb.
Bildirilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon işğal olunub, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinə Ermənistanın məhəl qoymadığını deyən Ə.Həsənov Azərbaycanın münaqişənin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin tərəfdarı olduğunu bildirib. Baş nazirin müavini Azərbaycanın Dünya Bankı ilə əməkdaşlıq etdiyi müddətdə kifayət qədər yaxşı təcrübənin toplandığını diqqətə çatdırıb. Bildirilib ki, təkcə qaçqın və məcburi köçkünlərin rifahının yaxşılaşdırılması istiqamətində Dünya Bankı ilə bir neçə uğurlu layihə həyata keçirilib və bu işlər davam etdirilir.
Ə.Həsənov söyləyib ki, dövlətimizin maliyyə imkanlarının getdikcə daha da artmasına baxmayaraq, etibarlı və təcrübəli beynəlxalq maliyyə təsisatları ilə kredit əməkdaşlığı davam edir. Bu, həm yaranmış əməkdaşlığın möhkəmlənməsinin, həm də tərəflərin bir-birinə yüksək etimadının göstəricisidir. Baş nazirin müavini vurğulamışdır ki, işğal altındakı ərazilərimiz azad edildikdən sonra orada genişmiqyaslı bərpa işləri aparılmalıdır. Bu baxımdan təcrübəli beynəlxalq qurumların köməyinə ehtiyac yaranacaq.
H.Kerali Azərbaycan hökumətinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Dünya Bankının proqramlarının reallaşmasına göstərdiyi köməyi yüksək qiymətləndirib. Dünya Bankının rəsmisi qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərin bütün dünya üçün örnək olduğunu bildirib. O, Azərbaycanın bu sahədə gördüyü işlər və həyata keçirdiyi uğurlu tədbirlər ilə bağlı beynəlxalq konfransın keçirilməsini təklif edib. Qonaq Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini söyləyib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub, birgə layihələr və tədbirlər haqqında fikir mübadiləsi aparılıb.

Mirvari
AzNeww.az
Bağla X