11:48
(077) 610-22-33

Rasim Musabəyov: “Ukrayna təhlükəli addım atır”

  • >
805 14 Avqust 2012 14:35 | Siyasət

“Ukrayna Azərbaycanla münasibətlərdə xeyli itkilərə məruz qalacaq”



Son günlər Ukraynanın 2011-ci ildə gizli yolla Ermənistana silah satması barədə informasiyalar yayılmaqdadır. Bununla bağlı Ukraynanın Azərbaycandakı səfirliyi bəyanat yayıb. Səfirliyin bəyanatında qeyd olunur ki, yayılmış xəbərdə istinad olunan Ukrayna Müdafiə Nazirliyinin Ukrayna prezidentinə məktubunun surəti 8 avqust 2012-ci il tarixdə Ukrayna saytlarından birində yerləşdirilib və saxtadır. Səfirlik hesab edir ki, bu təxribatın məqsədi ənənəvi Ukrayna-Azərbaycan dostluq münasibətlərinə zərər vurmaqdır: "Bu münasibətlərin strateji xarakter daşıması Ukrayna xarici siyasəti üçün dəyişməz və prioritetdir".


Millət vəkili, politoloq Rasim Musabəyov yayılan məlumatların nə dərəcədə həqiqət olduğunu AzNews.az-a şərh edərkən deyib ki, bu gözlənilən haldır: "Nə qədər ki, imkan və şərait var, niyə də ehtiyac olan silahlar alınmasın".

Onun sözlərinə görə, mahiyyətcə həmin silahları təyyarə ilə çatdırmaq mümkün olmadığından, onları gərək dənizlə gəmi vasitəsilə gətirsinlər: "Bunu Rusiyadan almaq mümkün deyil. Ona gərə ki, Gürcüstan Rusiya silahlarını öz ərazisindən heç hara buraxan deyil. Belə olan halda ümid Ukraynaya qalırdı və Ermənistan Ukraynadan silah almağa çalışırdı. Bilirsiniz ki, buna qədər Moldovadan silah almışdı. Hər halda Moldova ilə olan hadisədən sonra müdafiə naziri və satışı həyata keçirənlər cəzalandırılmışdı. Bir də Moldova tərəfindən bir də belə hallara yol verilməyəcəyi barədə Azərbaycana təminatlar verilmişdi. İndi isə Ukraynadan silah almağa cəhd edir ki, bununla bağlı da Azərbaycan məlumatlar əldə edib. Düşünürəm ki, bu əməliyyatın qarşısının alınması çox vacib amildir".


Bütün bunlara baxmayaraq, R.Musabəyov Ukrayna dövlət başçısı Viktor Yanukoviçin Azərbaycanla münasibətləri gərginləşdirməkdə maraqlı olduğunu düşünmür: "Fərz etmirəm ki, Yanukoviç Azərbaycanla münasibətləri gərginləşdirməyə meyilli olsun. Əgər sözügedən silah satışı həyata keşirilərsə, Ukrayna Azərbaycanla münasibətlərdə xeyli itkilərə məruz qalacaq. Ona görə ki, Ukraynanın Azərbaycanla bir çox sahələrdə əməkdaşlığı, o cümlədən də hərbi sahədə dövriyyəsi Ermənistanla müqayisədə bəlkə də 10 dəfə çoxdur".


Gültən

AzNews.az

Bağla X