Cəmil Həsənli: “Partiyalardan kim qalacaqsa, onunla fəaliyyət göstərəcəyik”

"Partiyalı kəsimdən Milli Şurada kimlər qalacaqsa, fəaliyyətini davam etdirəcəksə şübhəsiz ki, onlarla birlikdə yolumuzu davam etdərəcəyik".

Bunu AzNews.az-a açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli deyib.

Milli Şuranın yeni təşkilatlanma mərhələsində ziyalılara üstünlük verilməsi imkanlarından danışan C. Həsənli bildirib ki, Milli Şuranın genişləndirilməsi istiqamətində proseslər gedəcək.

Artıq ziyalılar, QHT-lər və digər ictimai-siyasi qüvvələrlə müzakirələr aparılır. Bunlardan Milli Şuranın tərkibinə qatılanlar da gözlənilir:

"Ona görə də biz Milli Şuranın fəaliyyətinin davam etdirməsində qərarlıyıq. Danışıq aparılan şəxslər haqda isə hələlik məlumat vermək istəmirəm. Hər halda sessiya çağırıb indiki duruma qiymət verməliyik, vəziyyəti dəyərləndirməliyik, təşkilatlanmanı davam etdirməliyik".

C. Həsənli qeyd edib ki, Milli Şuranın fəaliyyət istiqamətinin genişləndirilməsi imkanlarını artırmaq üçün qurumun qanunverici bazasında dəyişikliklərin edilməsinə ötən sessiyadan başlanılıb: "Ötən sessiyadan bir sıra dəyişikliklərə start verilib.

Qurumun Sədr Aparatı formalaşdırılıb, Koordinasiya Şurasının statusunun səlahiyyətlərini yerinə yetirəcək Məşvərət Məclisinin yaradılması istiqamətində də addımlar atılacaq. Bununla bağlı bəzi təkliflər və buna da baxılacaq. Əlavə olaraq Sədr Aparatının genişləndirilməsi imkanları da var".

C. Həsənli Milli Şuranın qərargah problemindən də danışdı: "Əlbətə biz o istiqamətdə çalışırıq. Şübhəsiz ki, biz Milli Şuranın özünün müstəqil yerinin olmasını arzulayırıq. Çünki orada Sədr Aparatının fəal işləməsi üçün normal şərait yarana bilər. Qərargahın olması müzakirə və görüşlərin keçirilməsi üçün əhəmiyyətlidir. Amma hələ ki, bunu təmin edə bilməmişik. Bu da bir sıra amillərlə bağlıdır".

O, hələlik Milli Şuranın toplantılarının müxtəlif yerlərdə keçirildiyini də xatırladıb: "Biz yalnız siyasi partiyaların qərargahlarında görüşlər keçirmirik. Dostlarımızla müəyyən yerlərdə toplaşıb görüşlər keçiririk. Amma bunu açıqlamaq istəmirəm".

Məhəmməd
AzNews.az