10:32
(077) 610-22-33

Səfərovun səfəri və ya mənəvi psixoloji üstünlük

  • >
483 7 Sentyabr 2012 11:11 | Siyasət

NATO Baş Katibinin Ermənistan səfərini AzNews.az xəbər portalı olaraq daha cidd-cəhdlə izlədik. Ona görə yox ki, cənab Rasmussen Ermənistana getmişdi, ona görə ki, KİV olaraq sadə oxucudan daha çox bəlkə də bizi maraqlandırırdı Rasmussen Ramil Səfərovun ekstradisiyası ilə bağlı nə deyəcək və erməni hiyləsi ilə əlavə nələr deyiləcək?! Amma bu dəfə gözlədiyimizdən fərqli mənzərə yarandı. Bu dəfə NATO baş katibindən "ədalətli" mövqe gözləyən, etiraz edən, haqsızlığa uğradığını bildirən tərəf ermənilər idi.

Bunun yanlış olduğunu demək niyyətində deyiləm və yanlış deyildi də. Ermənilər milli maraqlarını müdafiə etməyə çalışırdılar, həm də hay-küy və qaraqışqırıqla. Xoş olan o idi ki, bu dəfə Baş Katibdən "Ədalət" istəyən ermənilər idi. Qışqırırdı ki, dünya onların haqlı olduğunu etiraf etsin. Desinlər ki, Ramil Səfərov cinayətkardır, desinlər ki, Azərbaycan bu hərəkətinə görə dünya birliyindən təcrid olunacaq, NATO Azərbaycana qoşun yeridəcək, daha nələr, nələr. Bax xoş olan bu idi düşməni öz yerində görmək və hayqırtısını eşitmək.
Bəs nə oldu? Həmin "Qərb" bizə dediklərini onlara da dedi - oturun yerinizə. Biz sadəcə bu hadisədən təəssüflənirik. Dağlıq Qarabağ danışıqları davam etdirilməlidir və sairə diplomatik, gəlişi gözəl və qulağımızın tez-tez eşitdiyi sözlər.
Bu sözləri NATO-nun Baş Katibi İrəvan Dövlət Universitetində erməni tələbələrin həm düz üzünə, həm də düz üzünə dedi. Avropalı diplomatın nə dediyini ermənilər hamıdan yaxşı anladı, çünki əslində o heç nə demədi. Və üzüldülər...

Vəziyyəti Ermənistan prezidenti yoluna qoymağa çalışdı. Birgə keçirdikləri mətbuat konfransında bildirdi ki, Ramil Səfərovun ekstradisiyası NATO-Ermənistan münasibətlərinə təsir etməməlidir. Sarkisyan anladı ki, onsuz da nə istəsələr də bu "Qoca qitəli" diplomat ermənilərə təsəllidən başqa bir şey deyən deyil. Necə ki, bizə deyirdilər, sülh yolu ilə, danışıqlar yolu ilə və sairə. Bu dəfə Ermənistana deyildi bütün bunlar.

ATƏT-dən də bir şey görmədi ermənilər. Nalbandyan Məmmədyarovdan 1 gün əvvəl getdi Fransaya. Minsk qrupu ilə görüşdü. O, əslində Qarabağ danışıqlarını dayandırmaq kimi avantürist ideyası ilə getmişdi Parisə. Amma ona elə yolda başa saldılar ki, alınan məsələ deyil. Üzüqara qayıtdı Ermənistana və bildirdi ki, "Ermənistan Qarabağ danışıqlarından çıxmayacaq və bu addım Ermənistana yox, Azərbaycana xasdır."

Kütləvi aksiyalar da ciddi bir nəticə hasil etmədi. Ona görə yox ki, hardasa haqlı deyildilər, ona görə ki, indi dünya maraqlarının istiqaməti Azərbaycana doğru dəyişir və əvvəl bizə "təəssüflənirik" deyənlər indi bu sözü ermənilərə deyirlər.
Özləri də anladılar ki, bu iş təəssüfdən o yana gedə də bilməyəcək. Hətta ən qatı ermənipərəst qurum Daşnaqsütun da bunu anladı. Daşnaqsütunun xarici məsələlər ofisinin direktoru Kiro Monayan dedi ki, "Ramil Səfərovun ekstradisiyasından Ermənistan heç nə əldə edə bilmədi. Biz Qarabağı tanıtdırmağa çalışmalıyıq".
Bütün bunlar Azərbaycan vətəndaşı üçün mənəvi psixoloji üstünlüyün erməni dilindən görüntülü və sözlü sübutu oldu. Elə biz də bunu çoxdan gözləyirdik.

Sadiq Musa
AzNews.az
Bağla X