00:31
(077) 610-22-33

“I Avropa Oyunları zamanı sayıq olmalıyıq” – MTN-dən açıqlama

  • >
1 617 13 Mart 2015 17:14 | Siyasət

Azərbaycan Texniki Universitetində (AzTU) “Milli təhlükəsizliyin təmin olunmasında gənclərin rolu” mövzusunda konfrans keçirilib.



Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr İdarəsindən APA-ya verilən məlumata görə, tədbirdə MTN-in, Gənclər və İdman Nazirliyinin, Yasamal Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyevin xatirəsini yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra konfransı açan AzTU-nun rektoru, professor Havar Məmmədov təhsil ocağında belə mühüm mövzuda tədbirin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib. Bildirilib ki, gündən-günə inkişaf edən Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan qüvvələr hər cəhdlə ölkəmizin nüfuzuna xələl gətirməyə çalışırlar. Ancaq hər bir vətənpərvər azərbaycanlı, xüsusən də gənclər müasir müstəqil Azərbaycanın milli mənafeyini qorumalı, inkişafı və qüdrətlənməsi üçün bütün səylərini səfərbər etməli, həmişə təhsildə uğurlar qazanmalı və əzmlə çalışmalıdırlar.

Milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev konfransda geniş məruzə ilə çıxış edib.

Elçin Əliyev diqqətə çatdırıb ki, Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təmin edilməsində xüsusi yeri və rolu olan milli təhlükəsizlik orqanları yaranmasının 96-cı ildönümünü ölkəmizin həyatında böyük siyasi və tarixi nailiyyətlər fonunda qarşılayır.

Nazir müavini bildirib ki, Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan artıq yerləşdiyi regionda hadisələrin inkişaf istiqamətini müəyyənləşdirən aparıcı rola malikdir.

Qeyd olunub ki, bu gün müasir milli təhlükəsizlik sistemi demokratik-hüquqi cəmiyyətin etibarlı sipəridir, xalqın, dövlətin və hər bir fərdin təhlükəsizliyini təmin edir. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil Azərbaycan dövləti möhkəm təməllər üzərində qurulub və müasir dünya tələbləri səviyyəsində fəaliyyət göstərən təhlükəsizlik imkanlarına malikdir.

Bildirilib ki, qloballaşma proseslərinin vüsət aldığı müasir dövr milli təhlükəsizlik sahəsində adekvat ixtisaslı tədbirlərin həyata keçirilməsini zəruri edir. Beynəlxalq maraqların kəsişdiyi məkanda yerləşən Azərbaycanın son illərdə dinamik inkişafı, tranzit əhəmiyyətinin artması, transkontinental neft-qaz kəmərlərinin işə düşməsi, dünyada siyasi-hərbi müstəvidə cərəyan edən hadisələr, terrorçuluğun, informasiya müharibəsinin, kibercinayətkarlığın genişlənməsi təhlükəsizlik məsələlərini daha qabarıq formada üzə çıxarır və mübarizənin keyfiyyətcə yeni formada, müasir tələblərə uyğun aparılmasını vacib edir. Fərqli sivilizasiyaları, müxtəlif mədəniyyətləri bir araya gətirməsi, dini və milli tolerantlığı ilə tanınan Azərbaycanda bu amil xüsusilə aktualdır. Azərbaycan üçün təhlükəsizlik məsələlərinin önəm kəsb etməsi həm də Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün bu gün də davam etməsi ilə şərtlənir. Münaqişənin işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən indiyədək həllini tapmaması, zəbt olunan torpaqlarda terrorçuların hazırlanması, narkotik vasitələrin kultivasiyası, silah qaçaqmalçılığı məqsədilə istifadə edilməsi nəinki Cənubi Qafqaz regionu, hətta beynəlxalq aləm üçün real təhlükədir.

Vurğulanıb ki, son illər terrorçuluqla mübarizə üzrə aparılan fəaliyyət nəticəsində terrorçuluq, hakimiyyəti zorla ələ keçirmə, konstitusiya quruluşunun əsaslarının dəyişdirilməsi kimi ictimai təhlükəli əməllər törədən və ya törətməyi planlaşdıran terrorçu və dini radikal-ekstremist qruplar, qanunsuz silahlı dəstələrə qarşı uğurlu kompleks tədbirlər həyata keçirilib. Azərbaycan vətəndaşlarının dini radikal ekstremist qruplaşmaların və xarici ölkələrdə qanunsuz fəaliyyət göstərən silahlı dəstələrin tərkibində iştirak etmə hallarına qarşı həyata keçirilən məqsədyönlü əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində Suriyada və İraqda qanunsuz hərbi birləşmələrin tərkibində hərbi təlim keçərək döyüş əməliyyatlarında iştirak etdikləri, eləcə də Pakistanda və Əfqanıstanda fəaliyyət göstərən terrorçu təşkilatın üzvləri olduqları müəyyənləşdirilən bir sıra Azərbaycan vətəndaşları cinayət məsuliyyətinə cəlb olunub. Transmilli mütəşəkkil cinayətkarlıq və onun ən təhlükəli formalarından olan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə nəticəsində son illər ərzində 5 tondan artıq ağır tərkibli narkotik vasitə milli təhlükəsizlik orqanları tərəfindən aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Azərbaycan Prezidentinin uğurla həyata keçirdiyi daxili və xarici siyasət, o cümlədən enerji təhlükəsizliyi strategiyası üçün əlverişli şəraitin yaradılmasında MTN-in də yaxından iştirak etdiyini vurğulayan Elçin Əliyev qarşıya qoyulan vəzifələrin icrası zamanı nazirliyin digər dövlət qurumları ilə sıx əməkdaşlıq etdiyini söyləyib. Bildirilib ki, hazırda MTN 70-dən artıq xarici xüsusi xidmət orqanı və beynəlxalq təşkilatla əməkdaşlıq münasibətlərinə malikdir.

Bildirilib ki, bu gün Yaxın Şərqdə münaqişə ocaqlarındakı mürəkkəb vəziyyət, müxtəlif radikal meyllərin, mütəşəkkil cinayətkarlığın doğurduğu digər təhdidlərə baxmayaraq, Azərbaycanda sabitlik və inkişaf dinamikası qorunub saxlanıb. Geniş coğrafiyanı əhatə edən bu təhlükələr ölkəmizdə keçiriləcək beynəlxalq səviyyəli mühüm tədbirə - birinci Avropa Oyunlarına hazırlıq görüldüyü bir vaxtda hərtərəfli və daha sayıq olmağı tələb edir.

Erməni terror təşkilatlarının daim təhdid etdiyi Azərbaycanı bu gün transmilli, mütəşəkkil cinayətkar şəbəkələr kimi formalaşan beynəlxalq terrorçu təşkilatlar da öz hədəfinə çevirmək niyyətindədir. Buna görə də terrorçuluq kimi ümumi bəla ilə mübarizədə cəmiyyətin, xüsusilə gənclərin, tələbələrin birgə səyləri, sayıqlığı, insanlarımızın məlumatlılığı olduqca mühüm amillərdir.

Sonra AzTU-nun professoru, tarix elmləri doktoru Şikar Qasımov, universitetin tələbəsi Arzu Xəlilova çıxış ediblər. Konfransa yekun vuran AzTU-nun rektoru Havar Məmmədov Azərbaycanın təhlükəsizliyinin, sürətli inkişafının təmin olunmasında gənclərin rolunu yüksək qiymətləndirərək onların üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

Çıxışlardan sonra milli təhlükəsizlik orqanlarının fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
image description image description image description image description
Bağla X