07:19
(077) 610-22-33

Avropa Birliyinin hesabatına millət vəkilindən reaksiya: “Çox təəssüf ki...”

  • >
2 487 30 Mart 2015 13:28 | Siyasət

“Avropa Komissiyası 2014-cü ildə Azərbaycanda Avropa Qonşuluq Siyasətinin reallaşmasına dair hesabat yayıb. Hesabatda xeyli obyektiv məqamlar var, məsələn, ölkədəki iqtisadi vəziyyət müsbət qiymətləndirilir”.



AzNews.az xəbər verir ki, bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev özünün Facebook səhifəsində yazıb. Millət vəkili bununla yanaşı, Avropa Birliyinin Azərbaycana qarşı ortaya qoyduğu ikili standart siyasətini tənqid edib.

"Vurğulanır ki, makroiqtisadi mühit qeyri-neft sektorunun və sosial sabitliyin artması hesabına sabit qalıb və sair və ilaxır. Amma məni maraqlandıran budur ki, "Cənub qaz dəhlizi"nin reallaşmasına dair öhdəliklər əvvəlkitək AB-Azərbaycan dialoqu üçün birinci dərəcəli əhəmiyyət daşıyır" deyən Avropa Birliyi nədən ölkəmiz üçün birinci dərəcəli əhəmiyyət daşıyan məsələdə yetərincə prinsipiallıq göstərmir? Bu, Dağlı Qarabağ münaqişəsinin həllidir. Dağlıq Qarabağ problemi ilə əlaqədar münaqişə tərəflərini "gərginliyi artıran və dinc prosesi pozan hərəkət və bəyanatlardan çəkinməyə" çağırmaqdansa, yaxşı olmazdımı ki, Brüsseldəkilər erməni işğalçılarını Azərbaycan torpaqlarını boşaltmağa səsləyərdilər? Belədə nə cəbhə xətti olar, nə də gərginlik yaranardı. İnsan haqları problemini qabardırlar, amma niyə aydın şəkildə bildirmək istəmirlər ki, Azərbaycanda bu problemi ən çox üzərində hiss edən öz yurdundan didərgin salınanlardır. Buna görə isə Ermənistan məsuliyyət daşıyır. Çox təəssüf ki, təkcə Avropa Birliyi deyil, qərbdəki digər qurmların hesabatları da bu baxımdan bir-birinə bənzəyir", - deyə millət vəkili əlavə edib.



Qeyd edək ki, Avropa İttifaqının (Aİ) saytında dərc olunan sənəddə deyilir ki, viza prosedurlarının sadələşdirilməsi və readmissiya haqqında 2014-cü il tarixli saziş ikitərəfli münasibətlərin gələcək inkişafına xidmət edir. Həmçinin iqtisadi vəziyyət müsbət qiymətləndirilib. Makroiqtisadi mühit qeyri-neft sektorunun və sosial sabitliyin artmasının hesabına stabil qalıb. "Cənub" qaz dəhlizinin reallaşmasına dair öhdəliklər əvvəlkitək Aİ-Azərbaycan dialoqu üçün birinci dərəcəli əhəmiyyət daşıyır", sənəddə qeyd edilir. Qarabağ problemi ilə bağlı qeyd olunub ki, atəşkəs haqqında sazişin bağlanmasından ötən 20 ildə münaqişənin nizamlanması ətrafında vəziyyət dalana dirənib. Aİ Qarabağ problemi ilə əlaqədar münaqişə tərəflərini "gərginliyi artıran və dinc prosesi pozan hərəkət və bəyanatlardan çəkinməyə" çağırıb. Vətəndaş cəmiyyətinin fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, qanunvericiliyə məhdudlaşdırıcı normaların ləğvi, QHT-lərə öz fəaliyyətini həyata keçirmək üçün imkanların yaradılması tövsiyə olunub. Bundan əlavə, seçki qanunvericiliyinin ATƏT DTİHB-nin tövsiyələrinə uyğunlaşdırılması və 2015-ci ilin noyabrında keçiriləcək parlament seçkisi öncəsi bu tövsiyələrin yerinə yetirilməsi məsləhət bilinib. Diffamasiya və böhtanın dekriminallaşdırılması haqqında qanunun qəbulunun, jurnalistlərin və fəalların təqib olunması, qətlə yetirilməsi hallarının araşdırılmasının gücləndirilməsinin vacibliyi qeyd olunub.

Elnur Eltürk
Bağla X