16 yaşlı oğlan 5 saat təyyarə təkərində uçdu

Kaliforniyanın San Xose şəhərindən Havay adalarından biri olan Mauiyə uçan təyyarənin şassiləri, yəni təkərləri yığılan bölümdə gizlənmiş 16 yaşlı ABŞ-lı yeniyetmə uçuş vaxtı huşunu itirib. O, təyyarə yerə enəndən 1 saat sonra özünə gəlib.

Yeniyetmə təyyarənin texniki bölümündən çıxaraq hava limanının çıxışına yollanıb, bu vaxt onu təhlükəsizlik xidməti saxlayıb.

Həkimlər yeniyetməni müayinədən keçirəndən sonra onun sağ-salamat olduğunu bildiriblər.

Federal Təhqiqat Bürosunun agenti Tom Simon deyib ki, "bu möcüzədir, yeniyetmə heç bir xüsusi müdafiə vasitəsindən istifadə etmədən sağ qala bilib".

5 saatlıq uçuş vaxtı təyyarə 11 km hündürlüyə qalxıb. Burda oksigen çatmır. Havanın temperaturu mənfi 60 dərəcə C-yə düşür.(ANS)