Cəlilabadda ilginc hadisə- Su quyusu yandı

Cəlilabad rayonunda yenicə qazılmış su quyusu alışaraq yanmağa başlayıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Həziabad kəndində baş verib.

Belə ki, kənd sakini Elçin Mirzzağa oğlu Qubadov həyətində su quyusu qazdırıb. 36 metr dərinliyində olan quyuda qazma işləri yekunlaşdıqdan sonra ev sahibi quyudan qəribə iy gəldiyini hiss edib.

Daha sonra təsərrüfat sahibi quyunun gözünə alov yaxınlaşdırıb və quyuda yanğın başlayıb. Vəziyyətin təhlükəli həddə çata biləcəyindən ehtiyatlanan Elçin Qubadov Cəlilabad yanğından mühafizə hissəsinin əməkdaşlarına xəbər verib.

Artıq bir neçə gündür ki, yanğınsöndürənlər yanan quyunun ətrafında 24 saat növbə çəkir. Quyudan çıxan qaz yandığı üçün onun metan qazı olduğu ehtimal olunur.

Hadisə ilə bağlı əlaqədar qurumlar məlumatlandırılıb və bu gün kəndə paytaxtdan xüsusi mütəxəsislərin gəlməsi göslənir.

AzNews.az