Hərbi Prokurorluq 980 pozuntu aşkar etdi

Cari ilin altı ayında Respublika Hərbi Prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 21 nəfər tapılıb istintaqa cəlb edilib. ANS PRESS-in məlumatına görə, bu barədə Respublika Hərbi Prokurorluğunda ilin birinci yarısında görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi zamanı məlumat verilib.

Müşavirədə qeyd olunub ki, təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 72 yoxlama keçirilib, nəticədə 980 qanun pozuntusu aşkar edilib, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 90 təqdimat göndərilib, 105 nəfərə xəbərdarlıq edilib, 37 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 72 yazılı göstəriş verilib. Prokurorun təqdimatlarının baxılması nəticəsində 226 nəfər intizam məsuliyyətinə cəlb edilib.

Dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilən 35 apelyasiya protestinin 63 faizi təmin olunub. Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə 130 məhkəmə prosesi səyyar qaydada keçirilib.

Cari ilin birinci yarımilində Azərbaycan Respublikasının hərbi prokurorluq orqanlarında vətəndaşların 978 müraciətinə baxılıb, 460 vətəndaş mərkəzi aparatda qəbul olub, ərazi hərbi prokurorluğunda 1459 vətəndaşın fərdi qəbulu aparılıb, bilavasitə hərbi hissə və birləşmələrdə 1218 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul olunub.

AzNews.az