Ukrayna Rusiyaya nota verdi: “Təcavüz Moskva üçün mənfi nəticələnəcək”

"Mövcud hakimiyyət Rusiyanı beynəlxalq təcrid vəziyyətinə doğru aparır. Rusiyanın Ukraynaya qarşı təcavüz aktları bu hakimiyyət üçün çox mənfi nəticələr verəcək".

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu fikirlər Ukrayna Xarici İşlər Nazirliyinin Rusiya diplomatiya qurumuna ünvanlanan notada yer alıb.

Sənəddə bildirilib ki, Rusiya artıq neçənci dəfədir Ukraynanın dövlət sərhədini pozur, terrorçu qruplaşmalara silah ixrac edir, onlara maliyyə yardımı göstərir: "İyulun 17-18-də 7 ədəd Mi-8 və Mi-24 helekopterləri Rusiya ərazisindən Ukraynanın Luqansk vilayəti istiqamətindən hava sərhədinə daxil olub. Bundan başqa, iyulun 19-20-də Rusiyanın Xutor Manotskiy, Avilo-Uspenki və Leninski yaşayış məntəqələrindən Donetsk vilayətinin İlinka, Maniç və Komişuvax yaşayış məntəqələri yaxınlığında yerləşən Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə artilleriya zərbələri endirilib. Rusiya Ukrayna ilə sərhədin qorunmasına dair çağırışlara da bilərəkdən, məqsədli şəkildə məhəl qoymur. Bunun əvəzində Rəsmi Moskva abırsızcasına Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Rusiyaya məxsus sərhəd-keçid məntəqələrini atəşə tutmaqda ittiham edir".

Notada qeyd olunub ki, Ukraynanın cənub-şərq vilayətlərində təxribatların "Donetsk Xalq Respublikası" (DXR) və "Luqansk Xalq Respublikası" (LXR) terrorçu təşkiları tərəfindən həyata keçirilməsinə dair inkaredilməz faktlar var.

Ukrayna XİN-i Rusiyaya "DXR" və "LXR"dəki terrorçu qruplaşmalara yardımı və dövlət sərhədini sistematik pozmağı dayandırmasına dair qəti tələbini də çatdırıb.

Aydan Axundova
AzNews.az