XİN: Ermənistan regional sülh gündəmi ilə bağlı səmimi olmadığını nümayiş etdirir

Ermənistan hökumətinin maliyyələşdirdiyi təbliğat kampaniyaları bir daha bu ölkənin regional sülh gündəmi ilə bağlı səmimi olmadığını nümayiş etdirir.

Aznews.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Danimarkanın keçmiş Baş naziri və NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussenin rəhbərlik etdiyi qrupun hesabatında yer alan iddialara dair şərhində əksini tapıb.

"Biz qəti şəkildə sözügedən birtərəfli mövqenin, eyni zamanda bütün mövcud faktlara heç bir məhəl qoyulmamasının Ermənistandakı revanşist qrupları Azərbaycana qarşı daha radikal mövqe tutmağa sövq etməklə yanaşı, cəmiyyətdə “Qərbin” sülh prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyini dəstəklədiyi illüziyası yaratdığı qənaətindəyik. Ermənistan hökumətinin maliyyələşdirdiyi təbliğat kampaniyaları bir daha Ermənistan tərəfinin regional sülh gündəmi ilə bağlı səmimi olmadığını nümayiş etdirir", - məlumatda qeyd edilib.

Bildirilib ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi Avropa təsisatları da daxil olmaqla müəyyən dar düşüncəli siyasətçilər vasitəsilə bahalı və mənasız böhtan kampaniyalarının aparılması regional sabitliyə və sülh quruculuğu səylərinə xidmət etmir: "Bunun əvəzinə, Ermənistan hökuməti və erməni lobbi qrupları regionda əsl sülh gündəminin təşviqinə diqqət yetirməlidirlər".