"ASAN Könüllüləri" Təşkilatına yeni sədr seçilib

"ASAN Könüllüləri" Təşkilatının növbəti hesabat qurultayı keçirilib, Aysiman Quliyeva təşkilata yeni sədr seçilib.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, agentliyin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, "ASAN Könüllüləri" Təşkilatı bu siyasətin uğurlu təzahürlərindən biridir və təşkilat tərəfindən həyata keçirilən çoxsaylı layihələr minlərlə gəncin bilik, bacarıq və intellektual potensialının inkişafına xidmət edib.

Qeyd edək ki, "ASAN Könüllüləri" Təşkilatı 2013-cü il dekabrın 19 da təsis olunub. Təşkilatın əsas missiyası könüllülərin kadr kimi formalaşmasına şərait yaratmaqla dövlətin dayanıqlı inkişafı üçün çalışan, cəmiyyətə faydalı gənc vətəndaşlar qazandırmaqdır. Bu prosesə indiyədək 44 000-ə yaxın könüllü qoşulub. Təşkilat tərəfindən 6500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə icra olunub, 3400-dən çox könüllü "ASAN Kadr" portalı vasitəsilə işlə təmin edilib.