"İranla ‘razılaşma’ iddiası ciddi suallar doğurur" – Aytən Qurbanova

"Donald Tramp tərəfindən İranın nüvə silahı əldə etməmək barədə ABŞ ilə razılaşdığına dair səsləndirilən bəyanat ilk baxışdan diplomatik irəliləyiş təsiri yaratsa da, mövcud geosiyasi reallıqlar fonunda bu açıqlamanın daha çox siyasi ritorika xarakteri daşıdığını demək daha doğru olar. Faktiki olaraq davam edən ABŞ–İran qarşıdurması fonunda belə bir “razılaşma”nın mövcudluğu təbii ki, ciddi suallar yaradır. Belə ki, hazırkı mərhələdə tərəflər arasında münasibətlər yüksək gərginlik səviyyəsində qalmaqda davam edir. Hərbi-siyasi amillər diplomatik mesajları üstələyir və qarşılıqlı etimadsızlıq mühiti dərinləşir. İranın nüvə proqramı isə yenə də əsas ziddiyyətli mövzulardan biri kimi çıxış edir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.

Qeyd edək ki, Donald Trump bildirib ki, İran nüvə silahı əldə etmək niyyətindən imtina edib. O, bu fikirləri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən səsləndirib. Onun sözlərinə görə, Tehran Vaşinqtonla nüvə silahına malik olmamaq barədə razılığa gəlib və bu istiqamətdə öhdəlik götürüb.

Siyasi şərhçi qeyd edib ki, məhz bu nöqteyi-nəzərdən yanaşdıqda səsləndirilən bəyanat real vəziyyətlə tam uzlaşmır və daha çox taktiki kommunikasiya vasitəsi kimi qiymətləndirilə bilər.

"Hadisələrin mövcud inkişaf dinamikası isə onu deməyə əsas verir ki, sözügedən açıqlamanın arxasında bir neçə mümkün motiv dayana bilər. İlk növbədə, bu cür bəyanatlar ABŞ ictimaiyyətinə xarici siyasətdə əldə edilmiş uğur görüntüsünün təqdim olunmasına xidmət edir. Eyni zamanda, İran üzərində psixoloji və diplomatik təzyiqin artırılması, onu mümkün güzəştlərə sövq etmək məqsədi də istisna edilmir. Digər tərəfdən isə beynəlxalq ictimaiyyətə rəsmi Vaşinqtonun danışıqlara açıq olduğu mesajının verilməsi ABŞ-nin mövqeyini legitimləşdirməyə yönəlmiş addım kimi qiymətləndirilə bilər. Lakin bu amillərin heç biri real və hüquqi baxımdan yekun razılaşmanın mövcudluğunu təsdiqləmir. Onu da qeyd etmək lazımdır ki, ABŞ–İran qarşıdurması yalnız ikitərəfli münasibətlər çərçivəsində məhdudlaşmır. Bu qarşıdurma enerji təhlükəsizliyi, beynəlxalq dəniz nəqliyyat marşrutları və regional müttəfiqlik sistemləri kimi geniş təsirə malik strateji məsələləri əhatə edir. Həmçinin İranın “asimmetrik cavab” strategiyası və ABŞ-nin hərbi üstünlüyə əsaslanan çəkindirmə siyasəti regionda risklərin yüksək səviyyədə qalmasına səbəb olur. Nəticə etibarilə, faktiki gərginlik və qarşıdurma şəraitində səsləndirilən “razılaşma” bəyanatları daha çox siyasi məqsədlərə xidmət edir və real vəziyyəti tam əks etdirmir".

Rəfiqə Namazəliyeva,

AzNews.az