Qərb bölgəsində güclü qar yağışı nəqliyyatın hərəkətini çətinləşdirib

Qərb bölgəsində güclü qar yağması dağlıq rayonlarda avtomobillərin hərəkətinə çətinliklər yaradıb.

Aznews.az xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbdən Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy və Göygöl-Toğanalı-Kəlbəcər yolunun bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti qismən çətinləşib.

Bu hal Şəmkir-Gədəbəy yolunun "Yasamal aşırımı" adlanan hissəsində, Gəncə-Daşkəsən avtomobil yolunun bəzi hissələrində və Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun ucqar kəndlərindən keçən hissələrində daha çox müşahidə olunur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Report"un Qərb bürosunun sorğusuna əsasən bildirilib ki, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, sürücülərə və piyadalara köməklik göstərilməsi məqsədilə polis əməkdaşları xidmətlərini fasiləsiz şəkildə həyata keçirirlər.

Dövlət Yol Polisinin əməkdaşları tərəfindən sürücülərə qarlı hava şəraiti səbəbindən yollarda avtomobillərin sürüşməsi, həmçinin digər yarana biləcək məsələlər nəzərə alınaraq idarə etdikləri nəqliyyat vasitələrinlə qəzasız mənzil başlarına çatması üçün ehtiyatlı olmaları, məcbur olmadıqda isə avtomobillə hərəkət etməmələri tövsiyə olunur.

Hava şəraiti səbəbindən yollarda yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar üzrə işlər aparılır.

image description