Energetika Nazirliyində təqdimat

Tanınmış iqtisadçı iki hesabat təqdim edib

Energetika Nazirliyində BP şirkətinin Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov BP-nin “2017-ci il üçün Statistik Təhlili” və “Enerji Perspektivlərinə Baxışı-2040” adlı hesabatlarının təqdimatını edib.

Energetika Nazirliyindən AzNews.az-a verilən məlumata görə, hesabatlarda qlobal enerji sektorunda müşahidə olunan meyillər, ötən il üzrə ənənəvi yanacaq növləri ilə yanaşı bərpa olunan enerji mənbələrinə tələbatın inkişaf dinamikası, neft bazarına OPEC+ formatında görülən tədbirlər və geosiyasi faktorların təsirləri, 2040-cı ilə kimi proqnozlar öz əksini tapıb.

Bildirilib ki, qlobal enerji tələbatı ötən il 2016-cı illə müqayisədə 2,2 faiz, neftə tələbat isə gündəlik 1,7 mln. barrel artıb. Venesuelada neft hasilatında qeyri-müəyyənliyin davam etməsi, bəzi neft ölkələri ətrafında siyasi vəziyyət ortamüddətli perspektivdə neft bazarında balansa və qiymətə təsir edən faktorlar kimi qeyd edilib. Vladimir Drebentsov bu tendensiyada neftin 1 barrelinin 100 ABŞ dollarınadək bahalaşması ehtimalını istisna etməyib. Yaxın perspektivdə tələbatın neft ehtiyatları hesabına qarşılanacağı, 2035-ci ildə neftə tələbatın pik həddə çatacağı, sonra isə tədricən azalacağı bildirilib.

BP-nin proqnozlarına görə, dünya enerji balansında təbii qazın payı artacaq. Boru kəmərləri ilə ənənəvi qaz ixracı və idxalı ilə yanaşı, mayeləşdirilmiş qazın rolu 2040-ci ilədək əhəmiyyətli dərəcədə yüksələcək. LNG ixracatçısı kimi Yaxın Şərq, Şimali Amerika, Avstraliya, Afrika və Rusiya, əsas idxalatçıları olaraq Asiya ölkələri, Çin, Avropa fərqlənəcək.

BP-nin təhlil və hesabatına həmçinin bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı inkişaf tendensiyası, dünya enerji balansında bu növ enerjinin mövqeyini möhkəmləndirən amillər və istehsal xərclərinin azaldığını əks etdirən məlumatlar daxil edilib.

Nigar CƏFƏR

AzNews.az