"Fəaliyyətinizə nəzarət olunacaq" - Prezident yeni icra başçılarına dedi

Bölgələrdə gedən işlər daim mənim nəzarətimdədir.

AzNews.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Bölgələrdə gedən işlər daim mənim nəzarətimdədir. Mənim çoxsaylı səfərlərim, eyni zamanda, o məqsədi güdür ki, görülmüş işlərin icrasını görüm, tanış olum və insanları narahat edən problemləri insanlardan eşidim və biz bunları həll edək. Amma deyə bilərəm ki, bir çox hallarda icra hakimiyyəti başçısı öz iş otağından çıxmır. Bütün icra hakimiyyəti başçıları, o cümlədən siz bütün kəndlərdə insanlarla görüşməli, insanları narahat edən problemləri insanların dilindən eşitməli və ondan sonra qərar qəbul etməlisiniz. Elə məsələ var ki, sadəcə olaraq, laqeydlik, biganəlik və məsuliyyətsizlik ucbatından həll olunmur. Elə məsələ var ki, heç böyük vəsait, böyük əziyyət tələb etmir. Sadəcə, onların vecinə deyil. Onlar hesab edirlər ki, orada ağa kimi rəhbərlik etməlidirlər, insanları incitməlidirlər, öz şəxsi maraqlarını təmin etməlidirlər. Belə təfəkkürlə yaşayan insanların bizim aramızda yeri yoxdur. Onların yeri başqa yerdədir. Ona görə, siz bütün kəndlərdə olmalısınız, bütün problemləri vətəndaşlardan öyrənməlisiniz və onları həll etməlisiniz. Bir daha demək istəyirəm ki, yerli səviyyədə həlli mümkün olmayan problemlər dərhal müvafiq mərkəzi icra orqanlarına çatdırılmalıdır.

Bu gün Azərbaycan yeniləşir, müasirləşir və yeni kadrlardan çox şey asılıdır. Sizin fəaliyyətinizdən çox şey asılıdır və insanların inamı, əhval-ruhiyyəsi, ədalətə inanması bir çox hallarda yerli rəhbərlərin işindən asılıdır. Siz elə işləməlisiniz ki, insanlar sizə inansınlar, sizi dəstəkləsinlər və sizin işinizdən razı olsunlar.

Bunu da bilməlisiniz ki, sizin fəaliyyətinizə diqqət göstəriləcək, nəzarət olunacaq. Elə işləməlisiniz ki, mənim tərəfimdən verilən bütün tapşırıqlar yerinə yetirilsin, Ağstafa və İmişli rayonlarının uğurlu inkişafı təmin edilsin".