• Paytaxt
  • 26 Yanvar 2023 20:03
  •  2 888

Səfir: Aİ və Azərbaycan arasında yeni saziş üzrə danışıqlar qabaqcıl mərhələdədir - FOTO

15 il ərzində Aİ-nin Azərbaycandakı Nümayəndəliyi ölkədə 224 milyon avro dəyərində 400-ə qədər layihə həyata keçirib.

Aznews.az xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Aİ Nümayəndəliyin Azərbaycanda fəaliyyətə başlamasının 15 illiyinə həsr olunmuş konsert proqramının açılışında deyib.

Səfir bildirib ki, Aİ Nümayəndəliyi Aİ və Azərbaycan arasında müxtəlif sahələrdə yaxın əməkdaşlığı təşviq edir və bunu müxtəlif dövlət institutları ilə geniş əlaqə saxlayaraq həyata keçirir, siyasi və iqtisadi əlaqələri təşviq edir.

Səfir xatırladıb ki, bu il Aİ və Azərbaycan arasında yüksək səviyyəli səfərlər baş tutub: "Nümayəndəlik olaraq biz bu səfərlərin uğurlu həyata keçirilməsinə öz töhvəmizi vermişik. Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Son biznes sorğusuna görə, Avropadakı iş adamlarının 80 faizi Azərbaycana investisiya qoymağa maraq göstərib. Biz hökumətə və tərəfdaşlara islahatların keçirilməsi üçün dəstək veririk. Ötən ilin iyulunda enerji sahəsində imzalanan memorandum bizim tərəfdaşlığımızı daha yüksək səviyyəyə qaldırıb. Yaşıl enerji sahəsində yeni müqavilə imzalamışıq, Buxarestdə Qara dəniz vasitəsilə enerjinin ötürülməsi ilə bağlı müqavilə imzalamışıq”.

Peter Mixalkonun sözlərinə görə, Aİ Azərbaycana 2 milyard avroluq maliyyə dəstəyi ayırıb: “Aİ və Azərbaycan arasında yeni saziş üzrə və aviasiya sazişi üzrə davam edən danışıqlar qabaqcıl mərhələdədir. Bu 15 il ərzində Aİ Nümayəndəliyi olaraq Azərbaycanda 224 milyon avro dəyəri də 400-ə qədər layihə həyata keçirmişik. Bu layihələr vətəndaş cəmiyyəti, ərzaq istehsalı, təhsil və kənd təsərrüfatı, və regionların inkişafı və digər sahələri əhatə edir”.

Səfir vurğulayıb ki, Aİ Azərbaycana mina təmizləmə sahəsində dəstək verən ən böyük tərəfdaşlardandır, bu, onların daha təhlükəsiz və firavan Cənubi Qafqaz təşəbbüslərinin davamıdır.

“Biz Aİ-nin üzv dövlətlərinin ekspertləri və dövlət qurumları ilə birlikdə Azərbaycanda 50-dən çox tvinninq layihəsi həyata keçirmişik və bu layihələri Azərbaycanın dövlət qurumları ilə birgə reallaşdırmışıq. İnsan hüquqları, ədliyyə sahəsində islahatlar üçün Azərbaycanı dəstəkləməyə davam edəcəyik" , - Mixalko deyib.

Diplomat bildirib ki, bundan sonra da Aİ və Azərbaycan arasında sıx tərəfdaşlıq üçün səylərini davam etdirəcək.