• Paytaxt
  • 3 İyun 2023 11:13
  •  9 892

Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilən təqdimat olacaq

Milli Qurtuluş Günü ərəfəsində, iyunun 14-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

Aznews.az xəbər verir ki, Ulu Öndərin 100 illik yubileyi ilə yanaşı 2023-cü il Heydər Əliyevin həm də hakimiyyətə qayıdışının 30 illiyinə təsadüf edir. Həmin əlamətdar tarix münasibətilə Mərkəzdə “Heydər Əliyev – 100” instalyasiyasının təqdimatı olacaq. Əsər XX əsrin ikinci yarısından etibarən beynəlxalq incəsənət məkanında geniş yayılmaqda olan “op-art” cərəyanı ruhunda ərsəyə gətirilib. 6 ay ərzində 100 dirəkdən hazırlanan kompozisiya Ulu Öndərin portretini yaradır.

Elə həmin gün Heydər Əliyev Mərkəzində “Böyük insanın ömür anları” fotoalbomunun təqdimatı keçiriləcək. Fotoalbom Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində nəşr olunub və Ulu Öndərin həyatının, siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edir.

Gecənin yekun tədbiri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən hazırlanan “İz” filminin təqdimatı olacaq.

Ekran əsərində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs olunur. Filmin ssenarisi Ümummilli Lider Heydər Əliyevin ayrı-ayrı vaxtlardakı çıxışları əsasında qurulub. Filmdə Ümummilli Liderin həyatı, Azərbaycana və xalqa bağlılığı, Azərbaycanın müstəqil dövlət kimi qüdrətlənməsi, Qarabağın işğaldan azad edilməsi istiqamətində apardığı ardıcıl siyasət əksini tapıb. Eyni zamanda işğal altındakı torpaqlarımızın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olunması, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, bununla da Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinin və arzularının reallaşması filmdə yer alıb.