• Paytaxt
  • 16 Sentyabr 2023 15:39
  •  4 534

Sahibə Qafarova: "Ermənistan separatizmi dəstəkləməyə davam edir"

"Beynəlxalq ictimaiyyət təcavüzkar separatizmə qarşı öz səsini ucaltmalı və belə qanunsuz fəaliyyətləri qəti şəkildə pisləməlidir. Sülh, firavanlıq və davamlı inkişafa can atan müasir dünyada separatizmə dözmək olmaz".

Aznews.az xəbər verir ki, bunu Kuba Respublikasında keçirilən G77+Çin Sammitinin ümumi müzakirələrində çıxışı zamanı Milli Məclisin sədri Sahibə Qafarova Ermənistanın regionda vəziyyəti gərginləşdirmək istiqamətində atdığı addımlar barədə danışarkən deyib.

Bu gün Azərbaycanın beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistanla normallaşma prosesi və sülh sazişinin imzalanması təşəbbüsü ilə çıxış etdiyini bildirən Milli Məclisin sədri, bunun regionda uzunmüddətli sülh və sabitliyə nail olmağın yeganə yolu olduğunu qeyd edib.

Spiker diqqətə çatdırıb ki, ölkəmizin proseslərə səmimi yanaşması, sadiqlik nümayiş etdirməsi fonunda Ermənistan əvvəllər əldə edilmiş razılaşmaları pozur, Azərbaycan ərazilərində separatizmi dəstəkləməklə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı hərbi-siyasi təxribatlarını davam etdirir. Bu yaxınlarda Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni qurumun keçirdiyi qondarma “prezident seçkiləri” Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün növbəti dəfə aşkar şəkildə pozulması idi.

Milli Məclisin sədri qeyd edib ki, bu gün sülh və təhlükəsizlik olmadan davamlı inkişafa nail olmaq mümkün deyil. O, diqqətə çatdırıb ki, Azərbaycan 2020-ci ildə öz ərazilərini 30 illik erməni işğalından azad etdikdən sonra bu ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. İndi bu, Azərbaycanın inkişaf prioritetinin əsas istiqamətlərindən biridir. İşğalın dağıdıcı təsirlərini nəzərə alsaq, biz kifayət qədər böyük problemlə üz-üzəyik, çünki 8 şəhər və yüzlərlə kənd, habelə bütün infrastrukturu sıfırdan qurmaq lazımdır. Lakin Azərbaycan böyük addımlar atır, ərazilərin azad edilməsindən keçən qısa müddət ərzində keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar.