Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa iyulun 12-də Azərbaycana işgüzar səfərə gəlib.

Aznews.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Suriya Prezidenti Əhməd Əl Şaraanı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Əhməd əl-Şaraa ilə sonuncu görüşü aprelin 11-də Antalyada baş tutub. Danışıqlar zamanı İlham Əliyev əl-Şaraanı Azərbaycana səfərə dəvət edib.

Mayın 4-də Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan hökumətinin nümayəndə heyəti ölkənin bərpası və inkişafına dəstək vermək, habelə hazırkı keçid hökuməti ilə iqtisadiyyat, enerji, mədəniyyət və təhsil kimi sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə Suriyaya səfər edib.

AzNews.az