“Liftdə söydüyüm” Ağabəy Əsgərova açıq məktub

Kəramət Böyükçöl


Azərbaycan Dövlət Nəşriyyatına tez-tez yolum düşür. Bina köhnə olsa da, məkan doğmadı. Nəşriyyatın yeməkxanası məşhur bir yerdi. Günortalar çox vaxt orda nahar eləyirəm. Bundan əlavə orada çoxlu dostlarım var. Tez-tez görüşüb hal-əhval tuturuq, müsahibələr alıram... Di gəl hardasa bir il olar ki, başıma qəribə bir hadisə gəldi və mənim bu ünvana yolum kəsildi.

Həmişəki kimi nəşriyyata ürək açıqlığı ilə getdiyim yerdə mühavizəçilər məni qapıdan içəri buraxmadı. Heç səbəbini də demədilər. Qapıda dayanan polislər bir-birlərinin qulağına nəsə pıçıldayırdı.

Soruşdum, nə olub? Yenə cavab gəlmədi.

Fikirləşdim ki, yəqin məni kimləsə səhv salıblar, məsələ aydınlaşandan sonra hər şey öz qaydasına düşəcək və neçə ildən bəri gedib-gəldiyim Azərbaycan Dövlət Nəşriyyatına yolum təzədən açılacaq.

Amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır...

Bir neçə gündən sonra yenidən nəşriyyata gəldim, yenə məni içəri buraxmadılar.

– Ay qardaş, nə olub, heç olmasa səbəbini deyin.

Bircə kəlmə dedilər:
– Olmaz!
– Niyə?
– Olmaz, vəssalam. Artıq söhbət lazım deyil.

Bu iş getikcə məni əməlli-başlı narahat eləməyə başladı. Buraxmırlar, heç buraxmasınlar, amma səbəbini bilim. Polislərdən biri məni başa düşdü. Dedi, qardaş, səni tanıyıram, xətrini də çox istəyirəm. Amma məsələ qəlizdi. Deyirlər ki, sən liftdə nəşriyyatın direktorunu təhqir eləmisən.

– Direktor kimdi ki?
– Ağabəy...
– Soyadı nədi?
– Əsgərov...
– Ay qardaş, mən Ağabəy Əsgərovun adını birinci dəfə səndən eşidirəm.
– Nə bilim, elə deyirlər...

Düz bir ildi, məni görən kimi nəşriyyatda nə qədər mühafizəçi var, hamısı qabağıma yüyürür. Özüm-özümdən şübhələnirəm, elə bilirəm terroristəm.

Polislər məni dövrəyə alır:

– Hara gedirsən?
– Doqquzuncu mərtəbəyə, "Ədəbiyyat qəzeti"nə... Azər Turanla görüşməliyəm.
– Olmaz!
– Niyə?
– Olmaz, vəssalam. Artıq söhbət lazım deyil.

Dedim, mən nə vaxt Ağabəy müəllimi təhqir eləmişəm? Bu sözü deyən kimi polislər üstümə cumdular. Az qala ağzımı tutub bağlasınlar. Dəfələrlə bu mövzuda nəşriyyatda çaxnaşma yaranıb. Məni görən kimi polislərin canına vəlvələ düşür. Ay filankəs, sən ordan gəl, ay bəhmənkəs, sən burdan gəl, qoymayın, tutun, tez tutun...

Bir ildi, qapıda dayanan polislər nəşriyyatın qabağında mənlə siçan-pişik oynayır.

– Ay qardaş, mən ömrüm boyu nəşriyyatın liftinə minməmişəm.
– Bizə dəxli yoxdu. Sən Ağabəy müəllimi liftdə təhqir eləmisən.
– Ay kişi, sizin liftiniz işləyir ki? O lift yuxarıdan gələnə kimi mən pilləkənlə beş-altı dəfə doqquzuncu mərtəbəyə qalxıb-düşürəm.

Yenə xeyri olmadı. Elə bil sözü daşa-qayaya deyirəm.

Ağlımda bir fikir var ki, bunlar yüz faiz məni kimləsə dəyişik salıblar. Başqa cür mümkün deyil. Axırda məcbur olub məsələni araşdırmağa başladım. Düz bir ay Ağabəy müəllimi əslində, kimin təhqir elədiyini bilmək üçün tanımadığım adamları sorğu-sual elədim. İz axtarırdım ki, həmin adamı tutub gətirim, canım qurtarsın.

Düzü, Ağabəy müəllimin kiminlə sözü çəp gəlib-gəlməyib, kimsə onu liftdə təhqir eləyib-eləməyib bilmirəm, amma onun rəhbərlik elədiyi nəşriyyatın mühafizəçiləri hörmətli direktoru alçaltmaqla məşğuldurlar. Çünki hər gün mən ora gedəndə qapıçılarla xeyli mübahisə eləyirəm, yanımızdan keçən nə qədər adam var, hamısı söhbətin nədən getdiyi bilir. Hamı soruşur, nə məsələdi? Polsi də deyir, belə-belə...

Qayıdıb deyirəm:
– Məni apar Ağabəy müəllimin yanına, qoy desin ki, bu oğlan məni təhqir eləyib, onda əllərimi göyə qaldıracam.

Axı bilirəm ki, mən cənab direktorla ömrümdə bircə dəfə də olsun üz-üzə gəlməmişəm, onu tanımıram. Lap tanısam da niyə kimisə təhqir eləyim ki? Durduğun yerdə qana düşən buna deyirlər.

Vətənin, ölkənin bu qədər problemi dura-dura belə bir mövzuda yazı yazmaq özümə də gülməli gəlir. Mənim dərdimə-azarıma baxın. Xırdaca bir şeyə görə özümü nə qədər narahat hiss eləyirəm, bəs haqqı tapdanan, hüquqları pozulan insanlar nə eləsin? Yenə heç olmasa məni qapıdan içəri buraxmırlar, bəs haqısz yerə qapısı çöldən bağlanan insanlar neyləsinlər?

Hörmətli Ağabəy müəllim!

Azərbaycan Dövlət Nəşriyyatının ağası olmağına ağasısınız, buna heç bir sözüm yoxdur, amma çox istərdim ki, siz həm də nəşriyyatın bəyi olasınız və bu məsələni araşdırasınız...