“Bakıda olmaq istərdim” - Ermənistanın keçmiş naziri

Qarabağ münaqişəsinin həlli ilə nə vaxtsa məşğul olmuş azərbaycanlılar onu yaxşı xatırlayırlar. 90-cı illərdə, Ermənistan-Azərbaycan qarşıdurmasının ən qızğın vaxtlarında o, sülhməramlı təşəbbüslə Bakıya gəlməkdən qorxmadı. Özünün hazırladığı və Ermənistan parlamentinin 55 deputatının imzaladığı sənədlə Azərbaycanın və Ermənistanın prezidentlərinə, parlamentlərinə, hökumətlərinə, siyasi xadimlərinə, ziyalılarına müraciət edərək, Dağlıq Qarabağın Azərbaycanın tərkibində statusunun bərpa edilməsini ehtiva edən sülh müqaviləsini imzalamağa çağırmışdı.


AzNews.az xəbər verir ki, bu barədə haqqin.az-a Ermənistanın keçmiş təhsil naziri, keçmiş deputat, Yerevandakı "Mxitar Sebastatsi" təhsil kompleksinin direktoru Aşot Bleyan deyib.

Bleyan müsahibəsində bildirib ki, hələ də 2000-ci illərin əvvəllərində "Azərbaycan günləri" təşkil etdiyi təhsil kompleksinə rəhbərlik edir, son vaxtlar mediada tez-tez görünməsə də, sülhpərvər missiyasını davam etdirməkdədir.

Onun fikrincə, Ermənistanda və Azərbaycanda məktəblilər bir-birləri haqqında məlumatsızdırlar və təhsil mərkəzində o, bu boşluğu da doldurmağa çalışır.

"Çoxəsrlik qonşularımızın, qonşu respublikanın necə inkişaf etməsi bizə maraqlıdır", - A.Bleyan belə deyib.

O vaxtkı fəaliyyətinə toxunan ictimai-siyasi xadim sözlərinə davam edib: "Nəyə görə 90-cı illərdə mən belə fəal idim? Mənə belə gəlirdi ki, Ermənistan-Azərbaycan münaqişəsini məhz bizim nəsil həll etməlidir. Bunu öz məqsədim hesab edirim. Təəssüf ki, alınmadı. Və artıq iki xalqın barışması indiki və ya sonrakı erməni və azərbaycanlı nəsillərinin məqsədi olmalıdır".

İndiki vəziyyətdə Ermənistanda və erməni xalqının daxilində sülhpərvər əhval-ruhiyyənin nə qədər güclü olub-olmaması sualına cavabında haqqın.az saytının müsahibi deyib: "Bütün erməni xalqı adından danışmağa səlahiyyətim yoxdur. Lakin çalışdığım mühitdə insanlar anlayır ki, münaqişənin davam etməsi — heç bir yerə gətirməyəcək yoldur. Kimsə müharibədən danışanda, həmişə sözünü kəsirəm. Biz iki xalqın təbii, sülh şəraitində birgə yaşayışını bərpa etməliyik. Qonşularla — Azərbaycan və Türkiyə ilə sülhün, barışığın və anlaşmanın bərqərar edilməsini həyatımın əsas məqsədi hesab edirəm. Burada başqa yol, sadəcə olaraq, yoxdur. Bu gün Ermənistanda bunu artıq yaxşı başa düşürlər. Xüsusilə də, uşaqları əsgərlikdə, ön cəbhədə olanlar. Tərbiyəli, savadlı insan müharibəyə yaxşı yanaşa bilərmi? Eyni zamanda, təəssüflə qeyd etmək istəyirəm ki, ictimai təşkilatlar bu işdə üçüncü plana keçiblər. Xalq diplomatiyası münaqişənin həllindən uzaqlaşdırılıb. 90-cı illərdə biz hamıya göstərirdik ki, ictimai təşkilatlar ön planda olmaq arzusundadır. Bu münaqişə ictimaiyyətin iştirakı olmadan həll edilə bilməz".

"Sonra siyasətçilər ön plana çıxdılar. Bu azmış kimi, indi ictimai xadimlər münaqişənin həllindən siyasətçilərdən savayı, beynəlxalq vasitəçilər tərəfindən də uzaqlaşdırılıblar. Mən anlaya bilmirəm, nəyə görə vasitəçilər ön plandadır? Ümumiyyətlə, bizə vasitəçilər lazımdırmı? Onlar bizə təzyiq göstərməlidirlərmi? Biz öz ploblemlərimizin həllini üçüncü qüvvəyə güzəştə getməməliyik", - Bleyan belə deyib.

Müsahibəsinin sonunda Aşot Bleyan bir daha Bakıda olmaq istədiyini bildirib:

"Bakıda olmaq, sizin məktəbləri gəzmək, məktəblilərlə söhbət etmək, onlarla birlikdə Azərbaycan dərsliklərini vərəqləmək istərdim. Mənə reklam və mediada səs-küy lazım deyil. Bəzən bu, faydalı işə mane olur. Mən həmişə iki xalqın mehriban qonşuluğunun tərəfdarı olmuşam. Buna görə də, Bakıya dəvəti məmnuniyyətlə qəbul edərdim. Bakıya gəlməkdən qorxurammı? Yox, izolyasiyada olmaq və bir-birimizə nişangahda baxmaq daha qorxuludur".