Macarıstan bu ölkədəki azərbaycanlı tələbələrin sayının artırılmasında maraqlıdır Macarıstan bu ölkədəki azərbaycanlı tələbələrin sayının artırılmasında maraqlıdır

Macar səfir: “Azərbqaycanlılara dost münasibət var”

Macarıstan bu ölkədəki azərbaycanlı tələbələrin sayının artırılmasında maraqlıdır



Noyabrın 7-də təhsil naziri Misir Mərdanov Macarıstanın ölkəmizdəki səfiri Jolt Çutora ilə görüşüb. Nazir "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində azərbaycanlı gənclərin Macarıstanın ali məktəblərində təhsil alması məsələsinə toxunub və bu məqsədlə qeyd olunan ölkənin bir universitetinin müvafiq siyahıya daxil edildiyini nəzərə çatdırıb.

Dövlət Proqramı üzrə müvafiq siyahıya Macarıstanın daha çox seçilmiş universitetinin əlavə olunmasının mümkünlüyünü önə çəkən təhsil naziri bu istiqamətdə iş aparılmasının zəruriliyini vurğulayıb.

Nazir Azərbaycanla Macarıstanın münasibətlərinin hazırkı səviyyəsinin iki ölkə arasında təhsil sahəsində daha səmərəli əməkdaşlığın qurulmasına əlverişli imkan yaradacağını nəzərə çatdırıb.

Jolt Çutora ölkəsində Azərbaycanın yaxından tanındığını, xalqımıza dost münasibətin olduğunu söyləyib. Bildirib ki, Macarıstanın ali məktəblərində oxuyan azərbaycanlı tələbələrin sayının artırılmasında və ümumilikdə təhsil sahəsi üzrə əlaqələrin genişləndirilməsinə təmsil etdiyi ölkə ciddi maraq göstərir.

Xüsusilə tələbə mübadiləsinin artırılması üçün geniş potensialın mövcudluğunu vurğulayan qonaq Macarıstanın ali məktəblərində ingilis və rus dillərində tədris aparıldığını nəzərə çatdırıb.

Elnarə Əlosmanqızı
AzNews.az