Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev Çinə səfəri zamanı əldə edilən yenilikləri bölüşüb. Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev Çinə səfəri zamanı əldə edilən yenilikləri bölüşüb.

“NAZ-Lifan”la bağlı - Yenilik

Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev Çinə səfəri zamanı əldə edilən yenilikləri bölüşüb.


O, bildirib ki, səfərdə əldə edilən razılıqlar əsasında bir çox planlaşdırılan layihələrin gerçəkləşdirilməsi mümkün olacaq:

"Qiymət siyasətilə bağlı ilkin razılıq əldə edildi. Qeyd etmək istəyirəm ki, ehtiyat hissələrinin hamısı Çinin bir zavodunda istehsal olunmur. Onlar 25 gün ərzində təklif edilən hər bir model haqqında dəqiqləşdirmələr aparacaq və bizə məlumat verəcəklər".

Yeni təcili yardım avtomobilləri gətirilir

M.Abdullayev deyib ki, zavod rəsmiləri Azərbaycan tərəfinə 7-8 yeni avtomobil modelləri təklif ediblər:

"Test aparıldıqdan sonra onlardan 3 model bizim xoşumuza gəldi. "820", "Cruiser X 80" və təcili yardım avtomobilləri.

Planlaşdırırıq ki, dövlət strukturları ilə danışıqlar aparıldıqdan sonra həmin modellərdən sifariş verək. Yəni, hansı quruma hansı modeldən lazım olacaqsa, ondan da sifariş edəcəyik. Təcili yardım avtomobilləri isə sırf Səhiyyə Nazirliyinin istək və razılığına uyğun olaraq gətiriləcək.

Qeyd edim ki, bizim gətirəcəyimiz yeni avtomobil modelləri öz sinfinə aid bütün xarici analoqlarından aşağı qiymətə satılacaq. Bizim nail olmaq istədiyimiz əsas məqsəd də elə bu idi.

"Cruiser X 80" təxminən sentyabr-oktyabr ayına hazır olacaq, çünki, tam yeni model olduğundan bəzi çatışmazlıqların aradan qaldıırlması lazımdır".

Qiymətlər dəyişir

M.Abdullayev bəzi qiymət dəyişikliklərinin də baş verdiyini deyib. Dəyişikliyə əsasən "NAZ-Lifan" avtomobilləri 12.500 manatdan 35 min manat arasında dəyişən qiymətlərlə alıcılarına təklif ediləcək.

Azərbaycanda ehtiyat hissələrinin istehsalına başlanılır

Direktor həmçinin bildirib ki, qarşılıqlı anlaşmaya əsasən, Azərbaycanda avtomobillərin ehtiyat hissələrinin istehsalına başlanacaq:

"Artıq bu istiqamətdə işlərə biz hələ Çinə səfər etməzdən əvvəl start verilib. Çin tərəfi tam şəkildə bizim bu təklifimizi dəstəklədi. Qərara alındı ki, bizdən və onlardan asılı olmayan və bütün dünyada cərəyan edən iqtisadi böhrandan bərabər şəkildə çıxaq. Deyərdim ki, çinlilər əsl tərəfkeş kimi iştirak etdi, biz görüşdən çox məmnun qaldıq.

İlk növbədə Naxçıvan Muxtar Respublikasında mövcud istehsalat vasitələrinin gücündən istifadə etməklə ehtiyat hissələrinin istehsalı planlaşdırılır.

Ehtiyat hissələrinin istehsalının Naxçıvanda planlaşdırılması maya dəyərinin aşağı salınmasından ibarətdir. Çünki Azərbaycanın hər hansı bölgəsində istehsal olunacaq hissə Naxçıvanla müqayisədə qiymət baxımından ən az nəqliyyat xərcini nəzərə alanda üstün olacaq. Sonra məqsədəuyğun şəkildə digər bölgələrimizdə də istehsalın genişləndirilməsi nəzərdə tutulub".

Modern.az