Kəramət Böyükçöl Kəramət Böyükçöl

İlhamə Quliyeva Həcərin davamçısıydı

Kəramət Böyükçöl

Xalq arsitsi İlhamə Quliyeva heç kimin gözləmədiyi bir vaxtda getdi. Mən elə bilirdim o xanım həmişə bizimlə birgə addımlayacaq. Düzü, onun nə vaxtsa dünyasını dəyişəcəyi ağlımın ucundan da keçməzdi. Vallah, son dəfə bu qədər sarsıldığım yadıma gəlmir. Hər səhər yuxudan oyananda saytları açır, birinci İlhamə xanımın açıqlamalarını oxuyur, sonra əl-üzümü yuyub çörək yeyirdim. Həyat o qədər gözəl idi ki... Ay Allah, daha o günlər gedi, bir də geri dönməyəcək...

Doğrudur, yaşı az deyildi, ancaq İlhamə xanımın adı ətrafında baş verən son söz-söhbətlər hər dəfə göstərirdi ki, o, hələ güclüdür, həyatdan möhkəm yapışıb, gözəlim dünya ilə əlaqələrini kəsmək istəmir. Ölüm xəbərini eşidən kimi dərhal mahnılarına təzədən qulaq asdım. Qəribə bir şeydi, elə bil İlhamə xanımın səsinə nəsə əlavə edilmişdi, ayrı bir güc, enerji qatılmışdı. Elə bil köhnə mahnıları daha da gözəlləşmişdi, bir təzəlik gəlmişdi.

Böyük sənətkarımızı böyük arzuları, böyük ümidləri ilə birlikdə son mənzilə yola saldıq. O, həyatı çox sevirdi. Vida mərasimində xeyli çıxışlar oldu, mənə elə gəldi ki, İlhamə xanım haqqında deyilən sözlərin hamısını eşidir, duyur, hətta onun səhnədən asılmış böyük şəklinə diqqətlə baxanda səslənən fikirlərə reaksiyasını aydın hiss etmək olurdu.

İlhamə Quliyeva təkcə sənətkar kimi deyil, həm də dövlətini, dövlətçiliyini sevən, vətəninə ürəkdən bağlı olan əsl Azərbaycan xanımı kimi də yaddaşlarda yaşayacaq. Onun bir qadın kimi hegemonluq hissi əslində, xalqımızın genetik yaddaşından irəli gələn şeylərdir. O, bütün hərəkət və davranışları ilə Sara Xatunu, Natəvanı, Nigarı, Həcəri XXI əsrdə də yaşadırdı, yada salırdı və qəhrəman qadınlarımızın yolunu uğurla davam etdirirdi.

Təbii, uğurlu bir sənətkarı sevənlər olduğu kimi sevməyənlər də vardı. Uğur elə bir şeydir ki, ardınca dostlardan qabaq düşmənləri gətirir. Ancaq nə qədər düşməni olsa belə İlhamə Quliyeva hamıya sevgiylə baxırdı, hamı ilə sevgi dilində danışırdı. Onun üçün sevgi yalnız bir istiqamətə yox, bütün tərəflərə yön ala bilirdi. Sevgisindən hər kəsə pay ötürürdü. O, dəfələrlə mətbuatda həmkarları haqqında səsləndirdiyi ən ağır ifadələrə belə öz içindəki sevgisini qatmağı bacırdı. İlhamə xanımın uca səslə danışmağı, xarici görünüşü, səsinin qeyri-adiliyi əslində, bizim təfəkkürümüz üçün yad bir şeydir. Ona görə də İlhamə Quliyevanı anlamaq, dərk eləmək bizim üçün bir o qədər də asan olmadı.

İlhamə Quliyeva ölümü ilə də insanları birləşdirdi, onun tabutunun altında xalqımızın müxtəlif zövqlü sənətçiləri eyni hisslə, eyni amalla birləşmişdilər. Bir dəfə ANS-də Rövşanə xanım İlhamə Quliyevadan nəvəsini sevib-sevmədiyini soruşanda dərindən nəfəs alan xalq artisti bir ah çəkib anası haqqında danışmağa başladı. Nəvəsindən danışanda belə anası yadına düşürdü. Anasını dəhşətli dərəcədə çox sevirdi. Düzdür, hamı anasını çox istəyir, ancaq mən hiss edirdim ki, onun ürəyindəki ana sevgisi tamamilə başqa bir şeydir.

İlhamə xanım dünyasını dəyişəndə mən yuxuda idim. Gecə gec yatmışdım deyə yuxudan günorta qalxdım. Bir dostum mənə zəng eləyib onun evlərinin yerini soruşanda bildim ki, İlhamə xanıma nəsə olub. Yorğanı başıma çəkib doyunca kövrəldim. Yata bilmədim, təzədən qalxıb getdim Elmlər akademiyası metrosunun yanına, ordan da İlhamə xanımın evinə, mən gedəndə bir-iki adam binanın qabağında siqaret çəkirdi, başqa heç kim yox idi. Getdikcə adamlar çoxalırdı, ancaq heç kimi içəri buraxmırdılar.

Bu gün İlhamə xanım həyatda yoxdur. Ancaq onun ruhu bizim başımızın üstündə dolaşır. Sanki onun ruhu yenə də saytlara açıqlama verir, yenə də jurnalistlərimizlə telefonda danışır. O ruh nə qədər ki, bizim başımızın üstündədir, bu yerlər, bu ərazilər, Azərbaycan mətbuatı yenə də İlhamə Quliyevanındır. İlhamə Quliyeva Azərbaycan musiqi sənətinin torpağa basdırılmış ehtiyat qüvvəsidir.

İlhamə Quliyevanı son mənzilə yola salanda mərhumənin "Gedirəm" mahnısı səsləndi. O, bu həyata ağlaya-ağlaya gəlib, gülə-gülə getdi. Onun mənalı baxışları tabutunun üzərində torpaqdan təzəcə çıxmış göy ot kimi boylanırdı, sanki onu sevənlərilə son dəfə vidalaşırdı. Rəşid Behbudov adına Mahnı Teatrında bu səhnənin canlı şahidi olmaq olduqca ağır idi. Baxdıqca elə bil ürəyimi qulağımın içindən kəsib çıxarırdılar...