Bahar Azərbaycana saat neçədə gələcək?

Baharın bu il Azərbaycana qədəm qoyacağı dəqiq vaxt açıqlanıb.


Bunu Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib.

Onun sözlərinə görə, bahar bu il ölkəmizə martın 20-də qədəm qoyacaq. Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 08:30 radələrində baş verəcək.

Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada "yaz bərabərliyi nöqtəsi" deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.

İçərişəhər və Qala qoruqlarında "Novruz – Bahar Festivalı" keçiriləcək. Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bu il də Novruz bayramı şənliklərinin İçərişəhərdə təntənəli keçirilməsini nəzərdə tutub. Belə ki, mart ayının 20-si və 21-də İçərişəhərdə "Novruz – Bahar Festivalı" keçiriləcək.

Festival günlərində Qoşa Qala Qapısı meydanında "Meydan Bazarı" təşkil olunacaq. "Meydan Bazarında" ölkəmizdə mövcud olan çoxsaylı sənət sahələrinə aid milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərləri, milli zərgərlik və taxtaoyma sənəti nümunələrinin sərgi-satışı təşkil olunacaq.

Novruz Bayramı şənliklərində bir-birindən maraqlı çoxsaylı tədbirlər nəzərdə tutulub. Səhər saatlarından pəhləvanlar, kəndirbaz və sehirbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanların bayram əhval-ruhiyyəsini daha da artıracaq.

anspress.com