- Köhnə - Cəmiyyət
- 8 İyun 2016 14:30
- 15 239
Vaqif Əsədovun 3 xətası - Qayda pozmasıyla bağlı təzadlı açıqlamalar (Foto + Yenilənib)
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov ximdəti avtomobili ilə yol hərəkəti qaydalarını pozub.
AzNews.az xəbər verir ki, onun yol hərəkəti qaydasını pozduğu ilə bağlı foto sosial şəbəkələrdə paylaşılıb. Belə ki, V. Əsədov 99 YP 333 dövlət nömrə nişanlı xidməti avtomobilini piyada keçidinin üzərində park edib. DYP-ə məxsus avtomobilin yol hərəkəti qaydalarını pozması isə şəbəkə istifadəçilərinin etirazına səbəb olub.
Məlumat üçün bildirək ki, durma qaydalarının pozulması zamanı sürücü avtomobildə yoxdursa, evakuasiya olunmalı, 20 manat cərimə edilməlidir. Sürücü avtomobildədirsə yalnız 20 manat cərimə edilməlidir.
Onu da bildirək ki, polis avtomobillərinə hərəkət zamanı xidməti zərurət yaranarsa, yol hərəkəti qaydalarını pozmağa icazə verilir.
Məsələ ilə bağlı V. Əsədovdan münasibət öyrənmək istəsək də, telefonlarımıza cavab vermədi.
***
12:32
Publika.az-a açıqlama verən V.Əsədov bildirib ki, törətdiyi pozuntuya görə cəriməni ödəyib: "Kiçik bir xəta törətmişəm, bunun da cəriməsini ödəmişəm. Bununla da göstərdim ki, kimliyindən asılı olmayaraq qaydanı pozan hər kəs cəriməni ödəməlidir. Qanun qarşısında hər bir hərəkət iştirakçısı bərabərdir".
11:05
***
Məsələ ilə bağlı polkovnik Vaqif Əsədov Anspress-ə açıqlama verərək bildirib ki, onun idarə etdiyi polis avtomobili piyada keçidinin üzərində dayanmayıb: "Sadəcə fotoda elə görünür. Mən yol hərəkəti qaydasını pozmamışam. Çünki həmin vaxt avtomobilin sayrışan işığı qoşulu vəziyyətdə idi. Bununla da hərəkətdə üstünlüyə malik sayrışan işıqlardan istifadə edirdim. Bu, həmin fotoda da görünür. Həmin vaxt isə ərazidə təbliğat aparırdım. Əvvəla, heç nə heç kimə qayda pozuntusu törətməyə səlahiyyət vermir. Ancaq zərurət yarandıqda yol hərəkəti haqqında qanunun tələblərinin pozulması hərəkət üstünlüyünə malik avtomobillərin sürücülərinə icazə verilir".
Polkovnik deyir ki, məsələni bu qədər şişirtməyin də heç bir mənası yoxdur. Çünki bu vəziyyətdə əgər qayda pozuntusu varsa belə, o, müvafiq qaydada məsuliyyətə cəlb ediləcək: "Həm də bununla sübut edirəm ki, qanun hər kəs üçün eynidir. Kim xəta törədirsə, hökmən cəzalandırılmalıdır. Mən də həmin xətaya görə cəzalandırılacam. Əgər mən polis polkovniki olaraq məsuliyyətə cəlb edilirəmsə, deməli, heç kim qanundan qaça bilməz. Həmin vaxt da iş başında olduğum üçün qayda pozuntusuna görə heç bir cərimə sənədi gəlməyib".
