- Dünyanın halı
- 02:22
- 879
Asiyada yeni blok formalaşır: Yaponiya Avstraliyanı Çinə qarşı cəbhəyə çəkir?
Yaponiyanın baş naziri Sanae Takaichi mayın 3-dən 5-dək rəsmi səfərlə Avstraliyaya gedəcək. Tərəflər iqtisadi əlaqələrin genişləndirilməsi və müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcəklər. Tokioda son dövrlər hərbiləşmə sürətləndiyi üçün bu səfər Pekində xüsusi diqqətlə izlənilir. Çin mediası yaponların Avstraliyanı Çinlə qarşıdurmaya cəlb edə biləcəyindən narahatdır. Bu ehtimal Kanberrada da müəyyən narahatlıq doğurur.
Avstraliyanın baş naziri Anthony Albanesenin rəsmi saytında qeyd olunur ki, iki ölkə arasında “xüsusi strateji tərəfdaşlıq” dərin ticarət və investisiya əlaqələrinə, artan təhlükəsizlik və müdafiə əməkdaşlığına, eləcə də güclü mədəni bağlara əsaslanır. Bu il iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında əsas sazişin imzalanmasının 50 ili tamam olur.
Bu səfər Sanae Takaichi-nin baş nazir kimi ilk rəsmi Avstraliya səfəri olacaq. Liderlər indiyədək dörd dəfə görüşüblər — ötən il Şərqi Asiya sammitində, APEC sammitində və G20 toplantısında.
Avstraliya mediası xəbərdarlıq edir ki, “sərt mövqeli yapon baş naziri” ölkəni Çinlə münaqişəyə sürükləyə bilər.
"Australian Financial Review" nəşri Kanberranın Tokio ilə artan müdafiə əlaqələrinin nəticələrini tam hesablayıb-hesablamadığını sual altına alır.
Məqalədə Yaponiyanın son addımları da qeyd olunur. Belə ki, “Ikazuchi” hərbi gəmisi Tayvan boğazından keçib. Bundan əlavə, Sanae Takaichi 21 apreldə İkinci Dünya müharibəsi dövründə hərbi cinayətkarların dəfn edildiyi Yasukun məbədinə ritual hədiyyə göndərib ki, bu da regionda narazılıq doğurub.
Çin mediası isə bildirir ki, Yaponiya artıq “sülhsevər ölkə” imicindən uzaqlaşaraq daha riskli və destabilizasiyaedici aktor kimi qəbul olunur. Nəşrlər Tokionun hərbi gücünü artırmasını, müdafiə xərclərini yüksəltməsini, ölümcül silah ixracına qoyulan məhdudiyyətləri yumşaltmasını və regional hərbi təlimlərdə fəal iştirakını tənqid edir.
Yaponiya eyni zamanda ABŞ ilə hərbi ittifaqı gücləndirir. ABŞ prezidenti Donald Tramp Tokiodan müdafiə xərclərini artırmağı tələb edib və Yaponiya bu xərcləri ÜDM-in 2 faizinə çatdırmağa razılaşıb.
Ekspertlər qeyd edir ki, Yaponiya yalnız silahlanmanı artırmır, həm də hərbi doktrina səviyyəsində dəyişikliklər edir. Ölkə F-35 qırıcılarının ən böyük alıcılarından biridir və Böyük Britaniya ilə İtaliya ilə birlikdə altıncı nəsil qırıcı layihəsində iştirak edir.
2024-cü ildə Tokio ABŞ-dən 400 “Tomahawk” raketi almaq üçün müqavilə imzalayıb. Eyni zamanda ölkə nüvə silahı ilə bağlı 1971-ci ildən qüvvədə olan məhdudiyyətləri yumşaltmağı müzakirə edir.
Çində hesab edirlər ki, Yaponiya müdafiə əməkdaşlığı vasitəsilə Avstraliyanı öz strateji orbitinə daxil etməyə çalışır. Bu isə Hind-Sakit okean regionunda qeyri-rəsmi antiçin blokunun formalaşmasına xidmət edir.
Bu yaxınlarda tərəflər hərbi gəmilərin tədarükü üzrə iri müqavilə imzalayıb və Tokio indi əməkdaşlığı daha da genişləndirmək istəyir. Lakin Avstraliyada bəzi siyasətçilər və ekspertlər bu prosesə ehtiyatla yanaşır. Keçmiş baş nazir Pol Kitinq də ölkənin ABŞ tərəfində Çinlə qarşıdurmaya cəlb olunmasına qarşı çıxıb.
Avstraliya mediasına görə, Çinlə münaqişəyə qoşulmaq ölkənin diplomatik manevr imkanlarını azalda və büdcə vəsaitlərinin sosial sahələrdən hərbi xərclərə yönəldilməsinə səbəb ola bilər.
Digər tərəfdən, Çin mediası hesab edir ki, Avstraliya milli maraqlarına əsaslanaraq bu “tələdən” çıxa bilər və strateji müstəqilliyini qorumalıdır.
Ekspertlərin fikrincə, Çin və Yaponiya arasında münasibətlər getdikcə gərginləşir. Tərəflər həm iqtisadi əlaqələri zəiflətməyə çalışır, həm də köhnə mübahisələri yenidən gündəmə gətirir.
BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələrdə də tərəflər arasında fikir ayrılıqları açıq şəkildə özünü göstərib. Xüsusilə Şərqi Çin və Cənubi Çin dənizlərindəki problemlər yenidən diqqət mərkəzinə çıxıb.
Yaponiya qarşıdakı səfər çərçivəsində Hind-Sakit okean regionunda “azad və açıq məkan” konsepsiyasını da müzakirə etməyi planlaşdırır. Məqsəd təkcə müdafiə əməkdaşlığını gücləndirmək deyil, həm də Çinindən yan keçən tədarük zəncirləri qurmaqdır.
Bu kontekstdə nadir torpaq metalları kimi strateji resurslarda Çindən asılılığın azaldılması əsas müzakirə mövzularından biri olacaq.
Ekspertlər hesab edir ki, Çin bu prosesə iqtisadi vasitələrlə cavab verəcək və Avstraliya ilə Vyetnama göstərməyə çalışacaq ki, antiçin siyasəti onların milli maraqlarına uyğun deyil.
Mövsüm,
AzNews.az