Günəşdə maksimum aktivlik nə vaxt olacaq?

Günəşdə növbəti maksimum aktivlik 2030-2032-ci illərdə olacaq.


Bunu N.Tusi adına Şamaxı Rəsədxanasının direktoru Namiq Cəlilov bildirib.

Günəşdə hər 11 ildən bir maksimum aktivliyin baş verdiyini deyən N.Cəlilov belə aktivliyin müşahidə edilməsinin ənənəvi bir proses olduğunu da açıqlayıb.

Rəsəsdxanın direktoru əlavə edib ki, maksimum dövrdə Günəşdə partlayışlar, plazma kütlələrinin atılması daha çox baş verir: "İndi Günəş tamamilə sakit vəziyyətdədir, minimuma doğru gedir. Alışmaların, plazma atılmalarının sayı azdır. Olanda da gücləri az olur ki, bu da Yerdə hər hansı fəlakətlərə səbəb olmur".

Günəş maksimumda olarkən ondan daha çox plazma kütlələrinin atıldığını deyən N.Cəlilov qeyd edib ki, plazmaların böyük əksəriyyəti Yerdən yan keçir: "Amma dəyəndə də Yerin maqnit sahəsində güclü həyəcanlaşma - maqnit qasırğaları, təlatümləri yaranır. İnsanlar, xüsusilə də ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlər bunu daha güclü hiss edirlər. Yerin maqnit sahəsi Yeri həmişə müdafiə edir. Yerin maqnit sahəsi olmasaydı, yerdə həyat mümkün olmazdı. Zərbələrin də hamısı Yerin maqnit sahəsinə dəyir".

N.Cəlilov Günəşin maksimum aktivliyi dövründə baş verə biləcək fəlakətlərin necə ola biləcəyini də açıqlayıb.

Onun sözlərinə görə, fəkakət, əsasən, Yer ətrafında kosmik aparatların, peyklərin orbit elementlərinin sürüşməsi, müxtəlif radiosiqnalların düzgün ötürülməsi zamanı maneələrin yaranması ilə baş verir: "Eyni zamanda, zərbə dalğası atmosferin tərkibinə keçirsə, orada yüklü zərrəciklərin miqdarı, atmosferin keçiriciliyi dəyişir. Günəşdə birbaşa insanlara ziyan verən hadisələr olmur. Çünki bizi həm maqnit sahəsi, həm də atmosfer qoruyur. Onlar zərbələrin qarşısını alır".

N.Cəlilov Günəşdə sonuncu dəfə aktivlik olarkən Yer üçün elə də böyük fəlakətli hadisələrin baş vermədiyini, "X" adlanan alışmaların Yerə təsirinin az olduğunu əlavə edib.

Rəsədxana direktoru son zamanlar Günəşdə fəlakətə səbəb olan təhlükələrin artıb-artmamasına da münasibət bildirib: "Bu məsələlər daim nəzarət altında saxlanılır. Günəş ABŞ-ın iki müxtəlif peyki vasitəsilə iki müxtəlif istiqamətdən müşahidə altında saxlanılır. Bunun əsasında daxil olan informasiyalara əsasən proqnozlar verilir. Bizim imkanlarımız elə böyük deyil ki, bu cür proqnozlar vermək üçün müşahidə materialları əldə edək. Amma hazır materiallardan istifadə edə bilirik".

Trend.az