Heydər Əliyevin anım günü münasibəti ilə bu yollar bağlanacaq - Siyahı

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə Bakı şəhərində bir sıra yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.


AzNews.az xəbər verir ki, bu barədə "Report"a Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 08:00-dan tədbir tam başa çatanadək, Parlament prospekti Fəxri Xiyaban istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından Parlament prospekti, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.
"Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər, ictimai nəqliyyata üstünlük versinlər", - V.Əsədov əlavə edib.